Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.
Görüşün məqsədi əcnəbi tələbələrin universitet həyatı və tədris prosesi ilə bağlı fikirlərini öyrənmək, qarşılaşdıqları çətinlikləri dinləmək və həlli yollarını müzakirə etmək olub.
Tədbir zamanı tələbələrin UNEC-də təhsil mühitinə uyğunlaşması, akademik proseslərdə iştirakı, fakültələrlə əlaqələndirmə, müraciət mexanizmləri, yaşayış və qeydiyyat məsələləri, eləcə də miqrasiya sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı suallar cavablandırılıb.
Görüşdə tələbələrə universitet daxilində onlara göstərilən dəstək imkanları, aidiyyəti struktur bölmələrə müraciət qaydaları və yaranan problemlərin operativ şəkildə həlli üçün əlaqə mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, əcnəbi tələbələrlə davamlı ünsiyyətin qurulmasının, onların universitet mühitinə daha rahat inteqrasiyasının və sosial fəallığının artırılmasının vacibliyi vurğulanıb.
Bildirilib ki, UNEC əcnəbi tələbələrin təhsil aldıqları müddətdə həm akademik, həm də sosial baxımdan dəstəklənməsinə xüsusi önəm verir. Bu istiqamətdə tələbələrin fikirlərinin dinlənilməsi, ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi universitetdə beynəlxalq tələbələrlə işin daha səmərəli təşkilinə xidmət edir.
Sonda əcnəbi tələbələr öz təklif və rəylərini səsləndirərək, təhsil aldıqları müddətdə qarşılaşdıqları məsələlər barədə fikirlərini bölüşüblər.