UNEC-in Türk Dünyası İqtisad fakültəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq maarifləndirici seminar təşkil olunub.
Seminarın əsas məqsədi tələbələrin su ehtiyatlarının qorunması, sudan səmərəli istifadə vərdişlərinin formalaşdırılması və ekoloji məsuliyyətin artırılması istiqamətində maarifləndirilməsi olub.
Tədbirdə çıxış edən fakültənin dekan müavini Cavahirxanım Məmmədova və “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Qurban Qurbanov su ehtiyatlarının müasir dövrdə strateji əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda iqlim dəyişiklikləri və artan su tələbatı fonunda mövcud resurslardan qənaətlə istifadənin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, su ehtiyatlarının qorunması yalnız dövlət siyasətinin deyil, həm də hər bir vətəndaşın sosial məsuliyyətinin mühüm tərkib hissəsidir.
Seminar çərçivəsində iştirakçılara gündəlik həyatda suya qənaət üsulları, ekoloji tarazlığın qorunması və davamlı inkişaf prinsipləri barədə ətraflı məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.