Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində UNEC Karyera Mərkəzinin dəstəyi ilə tələbələr üçün “Süni intellekt və VBA ilə Excel əməliyyatlarının avtomatlaşdırılması” mövzusunda seminar təşkil olunub.
Seminarı giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev müasir dövrdə süni intellekt texnologiyalarının və avtomatlaşdırma alətlərinin maliyyə, mühasibatlıq və audit sahələrində iş proseslərinin optimallaşdırılmasında mühüm rol oynadığını bildirib. O, rəqəmsal transformasiya proseslərinin əmək bazarında yeni bacarıq və kompetensiyalara tələbi artırdığını qeyd edərək, tələbələrin innovativ texnologiyalar, məlumatların analitik emalı və avtomatlaşdırılmış idarəetmə sistemləri üzrə bilik və bacarıqlara yiyələnməsinin gələcək peşə fəaliyyətində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Barattson Təlim Mərkəzinin təlimçisi Nicat Qarayev çıxışında süni intellekt əsaslı alətlərin və VBA proqramlaşdırma dilinin Excel platformasında məlumatların strukturlaşdırılması, iri həcmli verilənlərin operativ emalı, hesabatlılıq proseslərinin avtomatlaşdırılması və analitik təhlilin optimallaşdırılması baxımından geniş imkanlar yaratdığını diqqətə çatdırıb. O, korporativ mühitdə maliyyə hesabatlarının avtomatik hazırlanması, makroların tətbiqi, verilənlər bazası ilə inteqrasiya və təkrarlanan əməliyyatların minimallaşdırılması istiqamətində praktiki nümunələr təqdim edib.
Seminar çərçivəsində tələbələrlə mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.