Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Baker Tilly Audit Azərbaycan” QSC arasında birgə elmi-praktiki fəaliyyətin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında 05 noyabr 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində UNEC Karyera Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsində “CEO Talks” adlı növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, universitet-biznes əməkdaşlığının müasir dövrdə ali təhsilin keyfiyyətinin artırılması, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsi, onların əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssis kimi formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu cür görüşlərin tələbələrə real iş mühiti ilə yaxından tanış olmaq, audit, vergi və hüquqi məsləhət xidmətləri sahəsində aparıcı şirkətlərin fəaliyyəti barədə ətraflı məlumat əldə etmək, gələcək karyera istiqamətlərini müəyyənləşdirmək və peşəkar inkişaf imkanlarını dəyərləndirmək üçün geniş imkanlar yaratdığını bildirib.
“Baker Tilly Audit Azərbaycan” şirkətinin vergi və hüquqi məsləhət xidmətləri üzrə partnyoru Nərmin Hacıyeva çıxış edərək müasir dövrdə qlobal iqtisadi proseslərin, rəqəmsallaşmanın və qanunvericilik mühitində aparılan islahatların vergi siyasəti, korporativ idarəetmə və hüquqi məsləhət xidmətləri sahəsinə ciddi təsir göstərdiyini qeyd edib, biznes subyektlərinin artan rəqabət şəraitində peşəkar, çevik və beynəlxalq standartlara uyğun bilik və bacarıqlara malik mütəxəssislərə daha çox ehtiyac duyduğunu vurğulayıb, eyni zamanda tələbələrə beynəlxalq audit və konsaltinq sahəsində uğurlu karyera qurmaq üçün peşəkar biliklərlə yanaşı etik prinsiplərə sadiqlik, analitik düşüncə, kommunikasiya bacarıqları və davamlı özünüinkişafın mühüm əhəmiyyət daşıdığını bildirib, həmçinin şirkətdə həyata keçirilən təcrübə proqramları, gənclərin peşəkar inkişafına yönəlmiş layihələr və mövcud karyera imkanları barədə ətraflı məlumat verib.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Baker Tilly Azərbaycan dünya üzrə 147 ölkə və ərazidə təxminən 754 ofisdə fəaliyyət göstərən, 50400 peşəkarı birləşdirən və ümumi illik gəliri 5,6 milyard ABŞ dolları olan Baker Tilly International şəbəkəsinin müstəqil üzvüdür. 2007-ci ilin aprelində 3 partnyor və 12 peşəkar əməkdaş tərəfindən əsası qoyulan Baker Tilly Azərbaycan qısa zaman ərzində Azərbaycanda etibarlı və uğurlu konsaltinq brendi kimi mövqelənmişdir. Bu gün Baker Tilly Azərbaycan 160-dan artıq peşəkar əməkdaşın dəstəyi ilə müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir. Gəlirlərinə və bağlanmış müqavilələrin sayına görə ölkənin 5 qabaqcıl audit və konsaltinq xidməti göstərən şirkəti sırasında yer alır.