Gənclər və İdman Nazirliyinin dəstəyi, “Enterprise Azerbaijan” portalı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Azmaş Lizinq” MMC-nin tərəfdaşlığı, Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı ilə keçirilən “Farm2Tour” hakatonu uğurla yekunlaşıb.
Aqroturizm sahəsində mövcud problemlərə süni intellekt əsaslı rəqəmsal həllərin hazırlanmasına həsr olunan hakatonda iştirak hüququ qazanan komandalar mentor dəstəyi ilə 36 saat davam edən intensiv yarışda innovativ layihələr üzərində çalışıblar.
UNEC tələbələrindən ibarət “UnecCom” komandası innovativ ideyası, texnoloji yanaşması və peşəkar təqdimat bacarığı ilə münsiflər heyətinin yüksək qiymətini qazanaraq hakatonun qalibi olub.
Komanda aqrar sahənin rəqəmsallaşdırılması və aqroturizm problemlərinin həlli istiqamətində təqdim etdiyi innovativ layihə ilə bütün rəqiblərini geridə qoymağı bacarıb.
Qubada keçirilən “Farm2Tour” layihəsində əldə olunan bu mühüm qələbə nəticəsində UNEC komandası öz layihəsini beynəlxalq startap ekosisteminə çıxarmaq üçün “Startap School 4” proqramına birbaşa vəsiqə qazanıb.