Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində UNEC Karyera Mərkəzinin dəstəyi ilə tələbələr üçün “İT auditi, süni intellekt və kibercinayətkarlıq” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, müasir dövrdə rəqəmsal texnologiyaların, süni intellekt alətlərinin və informasiya sistemlərinin sürətli inkişafının maliyyə, audit və idarəetmə sahələrində köklü dəyişikliklər yaratdığını, xüsusilə İT auditi, məlumat təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə istiqamətlərində yeni yanaşmaların formalaşmasına səbəb olduğunu vurğulayıb, qlobal rəqəmsallaşma şəraitində maliyyə məlumatlarının təhlükəsizliyinin təmin olunmasının, elektron sistemlər üzərində nəzarət mexanizmlərinin gücləndirilməsinin və süni intellekt texnologiyalarının effektiv idarə edilməsinin həm dövlət qurumları, həm də özəl sektor üçün strateji əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, tələbələrin müasir texnoloji biliklərə, analitik düşüncə tərzinə və kibertəhlükəsizlik sahəsində praktiki bacarıqlara yiyələnməsinin onların gələcəyin rəqabətqabiliyyətli mütəxəssisi kimi formalaşmasında mühüm rol oynadığını bildirib.
“Cyber Forensics” şirkətinin İdarə Heyətinin Sədr müavini Aynur Fətəliyeva geniş təqdimatla çıxış edərək, rəqəmsal texnologiyalar və süni intellekt sistemlərinin sürətli inkişafı fonunda kibertəhlükəsizlik sahəsində yaranan yeni risklər, İT auditi və süni intellekt auditinin əhəmiyyəti, rəqəmsal araşdırma və kibercinayətkarlıqla mübarizə istiqamətində tətbiq olunan beynəlxalq yanaşmalar, eləcə də maliyyə və korporativ sistemlərdə məlumat təhlükəsizliyinin qorunması, elektron məlumat bazalarının etibarlılığının təmin olunması, rəqəmsal sübutların araşdırılması və təşkilatlarda audit, nəzarət və uyğunluq mexanizmlərinin gücləndirilməsinin müasir dövrdə strateji əhəmiyyət daşıdığı barədə ətraflı məlumat verərək, tələbələri bu sahədə praktiki bilik və peşəkar bacarıqlarını inkişaf etdirməyə çağırıb.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.