A

UNEC Ömürboyu Təhsil Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Respublikası Bank və Maliyyə Akademiyasının tələbələri üçün təşkil olunan “Gənc Maliyyəçilər üçün İnkişaf Proqramı” uğurla yekunlaşıb.

Proqramın əsas məqsədi iştirakçıların maliyyə sektoru üzrə nəzəri və praktiki biliklərinin artırılması, onların beynəlxalq təcrübə və real iş mühiti ilə tanışlığının təmin edilməsi olub.

Təlimlər UNEC-in Bloomberg Maliyyə Laboratoriyasında təşkil olunub. Maliyyə bazarları istiqamətində olan təlimlər ABB İnvest şirkətinin əməkdaşları tərəfindən aparılıb və iştirakçılara maliyyə sektoru üzrə praktiki biliklər verilib. Proqram çərçivəsində iştirakçılar üçün maliyyə bazarları, risk idarəetməsi və peşəkar bacarıqlar istiqamətində təlimlər keçirilib. Təlimlər UNEC müəllimləri ilə yanaşı, maliyyə sektoru nümayəndələri tərəfindən həyata keçirilib.

İştirakçıların praktiki biliklərinin artırılması məqsədilə onların “SOFAZ” və “Rabitəbank”a səfərləri təşkil olunub, real iş mühiti və maliyyə sektorunun fəaliyyəti ilə bağlı praktiki məlumatlar təqdim edilib.

Proqram çərçivəsində iştirakçılar üçün Bakı şəhərinin tarixi və mədəni məkanlarını əhatə edən ekskursiya proqramı da təşkil olunub.

Təlim müddətində iştirakçılar UNEC-in rektoru, professor Ədalət Muradov ilə də görüşüblər. Görüş zamanı tələbələr onlar üçün yaradılmış şəraitə və təşkil olunan proqramın yüksək səviyyədə həyata keçirilməsinə görə təşəkkürlərini bildiriblər.

Sonda proqramı uğurla başa vuran iştirakçılara UNEC-in tədris işləri üzrə prorektoru Gəray Musayev tərəfindən sertifikatlar təqdim edilib.

UNEC Ömürboyu Təhsil Mərkəzinin rəhbəri proqram çərçivəsində göstərdikləri dəstəyə görə ABB Invest şirkətinin əməkdaşlarına, həmçinin iştirakçıların işgüzar səfərlərinin təşkili və yaradılmış şəraitə görə “SOFAZ” və “Rabitəbank”a təşəkkürünü bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay