Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Bakıda keçirilən “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.
Konfrans Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi baş tutub. Dünyanın müxtəlif ölkələrindən gənc tədqiqatçılar, beynəlxalq hüquq üzrə mütəxəssislər, ictimai təşkilat nümayəndələri, gənclər liderləri və universitet tələbələri tədbirə qatılıblar.
UNEC-i tədbirdə Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində universitetdə təhsil alan əcnəbi tələbələr təmsil ediblər. Əlcəzair, Qambiya, Müqəddəs Lusiya, Mozambik və Somali vətəndaşı olan tələbələr beynəlxalq müzakirələrdə fəal iştirak edərək universiteti uğurla təmsil ediblər.
Konfrans zamanı kolonializm və neokolonializmin müasir təsirləri, urbanizasiya prosesində yaranan sosial və struktur bərabərsizliklər, gənclərin beynəlxalq həmrəyliyi, Qlobal Cənub ölkələri arasında əməkdaşlıq və inklüziv şəhərsalma yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb.