UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) nəzdində fəaliyyət göstərən Maliyyə və İnvestisiya Cəmiyyəti tərəfindən Azərbaycanın ilk tələbə cəmiyyəti formatında təşkil olunan “Səhm Qiymətləndirilməsi Yarışı”nın final mərhələsi uğurla keçirilib.
Layihənin məqsədi tələbələrin maliyyə və investisiya sahəsində nəzəri biliklərini praktikada tətbiq etmələrinə, analitik düşüncə və təqdimat bacarıqlarının inkişafına dəstək olmaqdır. Yarış eyni zamanda onların peşəkar sektor nümayəndələri ilə ünsiyyət qurmasına və real biznes mühitini yaxından tanımasına imkan yaradıb.
Yarışda UNEC, Xəzər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən ibarət 3 komanda iştirak edib. Komandalar müxtəlif şirkətlər üzrə hazırladıqları səhm qiymətləndirilməsi təqdimatlarını münsiflər heyətinə təqdim ediblər.
Münsiflər heyətində Unicapital-ın CEO-su Vüqar Namazov, KPMG şirkətinin nümayəndəsi Yasaman Nəsibova, PwC şirkətindən İlahə Quliyeva və Deloitte şirkətinin nümayəndəsi Əziz İskəndərov yer alıblar. Münsiflər iştirakçıların analitik yanaşmasını, maliyyə modellərini, təqdimat bacarıqlarını və investisiya əsaslandırmalarını qiymətləndiriblər.
Yarışın nəticələrinə əsasən, “Amazon” şirkəti üzrə araşdırma təqdim edən “Investmind Advisors” komandası qalib olub. İlk üç yerin sahibləri sertifikatlarla təltif ediliblər. Qalib komandaya isə kubok və “The Wall Street Journal” rəqəmsal qəzetinə 4 aylıq abunəlik təqdim olunub.