UNEC-in Maliyyə və mühasibat fakültəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik tariximiz və milli yaddaş” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə fakültənin dekanı dosent Hafis Hacıyev açaraq, 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində mühüm və şərəfli yer tutduğunu, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın milli azadlıq, müstəqillik və demokratik dəyərlərə sadiqliyinin parlaq təzahürü olduğunu bildirib. H.Hacıyev eyni zamanda bu tarixi irsin qorunmasının, milli yaddaşın gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının və dövlətçilik ənənələrinə bağlılığın gücləndirilməsinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu kimi maarifləndirici tədbirlərin tələbələrin tarixi şüurunun formalaşmasına və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verdiyini qeyd edib.
“Humanitar fənlər” kafedrasının dosenti Cəmilə Həsənova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm və qürurverici səhifələrindən biri olduğunu bildirib, 1918-ci ildə qurulan ilk demokratik respublikanın Şərqdə parlamentli idarəetmə sisteminə əsaslanan nümunəvi dövlət modeli kimi tarixə düşdüyünü vurğulayaraq, həmin dövrdə qəbul olunan mühüm qərarların milli kimliyin formalaşması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və müstəqillik ideyalarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib, eyni zamanda müasir dövrdə milli yaddaşın qorunmasının, tarixi həqiqətlərin gənc nəslə düzgün çatdırılmasının, vətənpərvərlik və dövlətçilik dəyərlərinin təbliğinin cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Seminarın sonunda tələbələrin maraqlandıran suallar cavablandırılıb.