UNEC-in Ümumi fənlərinin tədrisinin təşkili departamentinin (ÜFTTD) və “Karyera Planlaşdırılması və İnkişafı” kafedrasının birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqil dövlətçiliyin qurulması və qorunmasında düşüncə tərzinin rolu” mövzusunda elmi seminar keçirilib.
Seminarın məqsədi Azərbaycan dövlətçiliyinin müxtəlif tarixi mərhələlərində milli düşüncə tərzinin rolunun elmi-praktik müstəvidə təhlil olunması olub.
Tədbiri giriş sözü ilə açan ÜFTTD-nin direktoru, dosent Gülnarə Rzayeva Azərbaycan xalqının müstəqillik ənənələrinin formalaşmasında milli-mənəvi dəyərlərin və sağlam düşüncə tərzinin mühüm rol oynadığını vurğulayıb.
Elmi seminar çərçivəsində “Müasir dövrdə dövlətçiliyimizin inkişafında təşəkkül tapan düşüncə tərzinin təhlili” mövzusunda müzakirələr aparılıb. Tədbirdə tələbələrin iştirakı ilə 1918, 1993 və 2026-cı illəri əhatə edən üç dövrün dialoqunu əks etdirən səhnəcik nümayiş olunub.
Seminarda “Karyera Planlaşdırılması və İnkişafı” kafedrasının müəllimləri Cəfər İbadov və Vüsalə Əfəndiyeva məruzə ilə çıxış ediblər. Məruzələrdə Azərbaycan dövlətçiliyinin tarixi inkişaf mərhələləri, milli təfəkkürün formalaşması və müasir dövrdə dövlətçilik düşüncəsinin inkişaf istiqamətləri geniş təhlil olunub.
Sonra kafedra müdiri dosent Rəşad Məhərrəmov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, milli dövlətçilik düşüncəsinin gələcək nəsillərə aşılanmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində tələbələrin hazırladığı səhnəcik iştirakçılar tərəfindən maraqla qarşılanıb. Müxtəlif dövrlərin ideoloji baxışlarının müqayisəli təqdimatı seminarın əsas mövzusu ilə vəhdət təşkil edib. Eyni zamanda müasir çağırışları əks etdirən qısa videoçarx nümayiş olunub.