Qarabağ Dirçəliş Fondu (QDF), Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında investisiya potensialı və biznes fürsətləri” mövzusunda keçirilən tədbirdə UNEC Dizayn Məktəbi də təmsil olunub.
Belə ki, tədbir çərçivəsində UNEC Dizayn Məktəbində Layihə Əsaslı Təhsil (PBL) modeli ilə təhsil alan tələbələrin işğaldan azad edilmiş ərazilərin gələcək inkişafına həsr etdikləri bir-birindən maraqlı layihələri sərgilənib.
Sərgidə ağıllı şəhər konsepsiyaları, inklüziv şəhər modelləri, ekoloji və dayanıqlı yaşayış məkanları, yaşıl enerji yanaşmaları, müasir urbanistika həlləri, turizm və sosial infrastruktur layihələri təqdim olunub. Tələbələrin hazırladığı layihələrdə xüsusilə Qarabağ və Şərqi Zəngəzurun müasir texnologiyalar əsasında yenidən qurulması, insanların rahat və təhlükəsiz yaşayışının təmin edilməsi, əlçatan və inklüziv mühitin formalaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.
UNEC tələbələrinin təqdim etdiyi layihələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Dövlət qurumlarının nümayəndələri, investorlar və biznes dairələrinin təmsilçiləri tələbələrin innovativ yanaşmalarını yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.