UNEC-də İqtisadiyyat və İdarəetmə fakültəsinin uğurlu məzunu, “Yüksəliş” müsabiqəsinin qalibi və Təhsilin İnkişafı Fondu Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov ilə tələbələrin görüşü keçirilib.
İqtisadiyyat və İdarəetmə fakültəsinin Məzunlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə tələbələrlə gələcək karyera quruculuğu, əmək bazarının tələbləri və peşəkar inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini, dosent Muşrəvan Əliyev universitetin məzunlarla əlaqələrinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. O, bu cür görüşlərin tələbələrin şəxsi və peşəkar inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
“Əmək bazarına hazırlıq: Universitetdən sonra səni nə gözləyir?” mövzusunda keçirilən görüşdə Rəsul Həşimov müasir dövrdə əmək bazarında uğur qazanmaq üçün tələb olunan bacarıqlardan danışıb. O, məşhur idarəetmə mütəfəkkiri Peter Drukerin “Gələcəyi proqnozlaşdırmağın ən yaxşı yolu onu indidən yaratmaqdır” fikrinə istinad edərək tələbələrə karyera planlamasına erkən başlamağı tövsiyə edib.
Rəsul Həşimov çıxışında özünüqiymətləndirmənin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, hər bir gənc öz potensialını düzgün analiz etməli, güclü tərəflərini inkişaf etdirməli və zəif istiqamətləri üzərində sistemli şəkildə çalışmalıdır. Görüş zamanı tələbələrə uğurlu karyera qurmaq üçün praktik yanaşmalar və konkret “yol xəritəsi” təqdim olunub.
Tədbirin sonunda tələbələRi maraqlandıran suallar cavablandırılıb.