A

“II UNEC Science Slam” müsabiqəsinin final mərhələsi keçirilib.

UNEC-də təşkil edilən müsabiqənin final mərhələsində Təhsil Nazirliyi, AMEA, Elmin İnkişaf Fondu, Gənclər Fondu, Bilik Fondunun rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, görkəmli elm xadimləri, tanınmış təhsil ekspertləri, ictimaiyyət nümayəndələri, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Almaniya, Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə kimi ölkələrdən sonra Azərbaycanın adını ən populyar elmi platforma olan “Science Slam” tarixinə yazan UNEC bu il müsabiqədə yeniliklər tətbiq edib. Belə ki, “II UNEC Science Slam” müsabiqəsinə bu ildən digər fakültələrlə yanaşı, Distant, qiyabi və əlavə təhsil mərkəzinin tələbələri də qatılıb.

Müsabiqənin formatına uyğun olaraq, fakültələrin qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını kreativ şəkildə təqdim ediblər. Tələbələrin sosial mediada uğurlu marketinq siyasəti, süni intellekt, xərclər, məhsulun sertifikatlaşdırılması, ünsiyyət vasitələri, əngəllilərin cəmiyyətə geri qaytarılması, reklam materiallarının insan şüuruna təsiri, pozitiv psixologiya, statik elektriklə idarə olunan nəqliyyat, davranış iqtisadiyyatı barədə tədqiqatları maraqla qarşılanıb.

Təqdimatlardan sonra qaliblərin çıxışları “Science Slam” qaydalarına uyğun olaraq, alqış sədaları ilə qiymətləndirilib. Qalibi xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapozunu müəyyənləşdirib. 90.2 desibel (dB) səs tezliyində alqış qazanan Biznes və menecment fakültəsinin I kurs tələbəsi Amal Veysəlov “Hər şey göründüyü kimi deyil” mövzusu ilə “II UNEC Science Slam” müsabiqəsində I yerin sahibi olub. A.Veysəlov təqdimatında televiziyalarda yayımlanan reklam materiallarının insan şüuruna təsirini tədqiq edib.

İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Ramiz Şükürovun “Əngəlliləri cəmiyyətə geri qaytaraq” təqdimatı 89.8 dB ilə II, Türk Dünyası İşlətmə fakültəsinin I kurs tələbəsi Vüsal İsmayılovun “Statik elektriklə idarə olunan avtobus” təqdimatı isə 87.6 dB ilə III yerə layiq görülüb.

Qaliblərə sertifikatlar təqdim edilib. Eyni zamanda, onlar Yekun Dövlət Attestasiya imtahanından azad ediliblər.

UNEC Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi gənclərin elmi tədqiqatlara marağının artırılması, onların dünya elminə çevik inteqrasiyasını təmin etməkdir.

“UNEC Science Slam” müsabiqəsi haqqında: 2017-ci ildə UNEC beynəlxalq səviyyəli ilkə imza ataraq, Azərbaycanda dünyaca məşhur “Science Slam” elm müsabiqəsini təşkil edib. İdeya müəllifi alman Qreqor Beninə məxsus olan və ilk dəfə 2006-cı ildə Almaniyanın Darmştadt şəhərində təşkil edilən yarışa bu günə kimi Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə qoşulub. Müsabiqəyə elmlə maraqlanan, tədqiqatçılarla ünsiyyət qurmaq, ən son yenilikləri öyrənmək və əhatəsini genişləndirmək istəyənlər qatılır. Qərb ölkələrində bir çox Science Slam müsabiqələrində aparıcı şirkətlərin nümayəndələri də iştirak edir və maraq doğuran araşdırmalara sərmayə təklifləri də irəli sürürlər. Bundan motivasiya alan gənc tədqiqatçılar inanırlar ki, apardıqları tədqiqatları cəmiyyət üçün maraqlıdır və bu işi davam etdirməyə dəyər.

TOP XƏBƏRLƏR