UNEC-də “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti” mövzusunda silsilə tədbirlər keçirilib.
Ekspertiza və standartlaşdırma fakültəsində keçirilən tədbirdə fakültənin dekanı, dosent Tofiq Osmanov Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın əhəmiyyətindən danışıb və icrası haqqında ətraflı məlumat verib.
“İstehlak mallarının ekspertizası” kafedrasının baş müəllimi Azər Məmmədov tədbir iştirakçılarına plastik kütlələrin təbiəti, xassələri və tətbiq xüsusiyyətlərindən bəhs edib. Onların üstünlükləri və çatışmayan cəhətləri haqqında məlumat verən məruzəçi, plastik kütlələrdən təyinatına uyğun olmayan istifadənin yaratdığı fəsadlara da toxunub. Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirini, təkrar istehsalın üstünlükləri və çatışmazlıqlarını, alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir müzakirələrlə davam edib. Fakültənin dekan müavini, dosent Elçin Səmədov, “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri, professor Zabit Aslanov, kafedranın dosenti İlham Seydəliyev, “İstehlak mallarının ekspertizası” kafedrasının dosentləri Sabir İsfəndiyarov, Nazilə Alverdiyeva, Yeganə Cəfərova və digərləri müasir alternativ qablaşdırma materialları, plastik qablaşdırmanın ekoloji xassələri, sənayedə plastik kütlələrdən məqsədli istifadə, tətbiq şərtləri haqqında fikirlərini bölüşüblər.
Texnologiya və dizayn fakültəsində də plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə “İstehlak mallarının ekspertizası” kafedrasının baş müəllimi Vüsalə Musayeva Prezident İlham Əliyevin Sərəncamı ilə tədsdiq edilən “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın əhəmiyyətindən danışıb. Hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan birinin də məhz plastik qablaşdırma tullantılarının olduğunu deyən V.Məmmədova, bu tullantıların düzgün idarə olunmadıqda ətraf mühitə ciddi zərər vurduğunu diqqətə çatdırıb. O, plastik tullantıların yaranması tempinin azalması istiqamətində mühüm addımlar atıldığını, müvafiq qanunvericilik bazasının yaradıldığını, onların toplanması və təkrar emalı sisteminin təkmilləşdirildiyini bildirib.
Maliyyə və Mühasibat fakültəsində və Rus İqtisad Məktəbində təşkil olunan tədbirlərdə "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının müəlliməsi Afaq Hacıyeva plastik tullantıların ətraf mühitə zərəri və onların səmərəli idarəedilməsindən danışıb. Biznes və Menecment fakültəsində də mövzu ilə bağlı tələbələrlə görüş keçirilib.
Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.