A

UNEC-in bütün fakültələrində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olun silsilə tədbirlər keçirilib.

Texnologiya və dizayn fakültəsində təşkil olunan tədbirdə fakültə dekanı, professor Vəkil Hüseynov Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli-azadlıq hərəkatı tarixinə şanlı səhifə kimi daxil olduğunu bildirib. Vətənin bütövlüyü uğrunda şəhid olanlarının şanlı mübarizəsinin Azərbaycanın müstəqillik qazanması ilə nəticələndiyini qeyd edib. O, Ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb.

Tədbirdə “Humanitar fənlər” kafedrasını müdiri, professor Vəkil Həsənov 20 yanvar faciəsinin tarixi ilə bağlı geniş məruzə ilə çıxış edib.

UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzində də 20 yanvar şəhidləri anılıb.

Tədbirdə DQƏTM-nin direktoru Səbuhi Tanrıverdiyev sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və qətllərin insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qalacağını bildirib. Həmin gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanların xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, onları daha da sıx birləşdirdiyini deyib. Məhz bu əzmin, iradənin sayəsində xalqımızın öz müqəddəs arzusuna-milli azadlığına qovuşduğunu, Azərbaycanın müstəqil dövlət kimi dünya birliyinə daxil olduğunu diqqətə çatdırıb.

UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələrinin dövlətin daim diqqət mərkəzində olduğunu deyib. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adının daim uca tutulmasına, onların ailələrinin sosial rifah halının yüksəldilməsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.

DQƏTM-nin dirketor müavini Həbib Vəliyev 20 Yanvar faciəsinin müstəqil Azərbaycan dövlətinin tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirib. Şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu, gələcək nəsillərin də onları böyük ehtiramla xatırlayacaqlarını qeyd edib.

Rus İqtisad Məktəbində təşkil olunan dəyirmi masada məktəbin direktoru, dosent Mənsur Barxudarov 1990-cı ilin 20 Yanvar hadisələrinin çanlı şahidi kimi gördüyü hadisələri iştirakçılarla paylaşıb. Şəhid Ülvi Bünyadzadə kimi tələbəyə dərs dediyi üçün qürur duyduğunu bildirib. Direktor müavini Anar Eyyubov 20 Yanvar hadisələrinin Mərkəzi Sovet hökumətinin məkrli planı əsasında törədildiyindən və xüsusi təxribat qruplarının fəaliyyətindən bəhs edib.

Maliyyə və mühasibat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə  təşkilatçılığı ilə keçirilən tədbirdə dekan müavini, dosent Cəmaləddin Zərbəliyev 20 Yanvar faciəsinin müstəqilliyin gənc nəsil üçün miras olduğunu, bu mirasın qorunub saxlanılmasının vacibliyindən söz açıb.

Sonra tələbələr “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda  məqalələr əsasında məruzə ilə çıxış ediblər, 20 Yanvar faciəsinə həsr edilən şeirlər söyləyiblər.

Ekspertiza və standartlaşdırma fakültəsində təşkil olunan tədbir isə “20 Yanvar - qan yaddaşımızdır” mövzusunda olub.

Fakültənin dekanı dosent Tofiq Osmanov tədbiri açaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə yeridilən qoşun hissələrinin dinc əhaliyə tutduqları divandan, yüzlərlə insanın qətlə yetirildiyindən söz açıb.

“Humanitar fənlər” kafedrasının professoru Abbas Seyidov qanlı yanvar hadisələrinin tarixi, şəhərimizə qoşun yeridilməsinin xronoloji ardıcıllığı, hadisələr ətrafında cərəyan edən siyasi oyunlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda 20 Yanvar hadisələrinə həsr olunan sənədli videoçarx nümayiş olunub

TOP XƏBƏRLƏR