Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsi (RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun, futzal yarışının qalibləri və “İlin peşəkar gənci” müsabiqəsinin fəal iştirakçıları mükafatlandırılıblar.
Xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, qaliblər fərdi şəkildə Respublika Komitəsinə dəvət olunub və onlara mükafatlar təqdim edilib.
“Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsində birinci yeri UNEC, ikinci yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, üçüncü yeri isə Bakı Mühəndislik Universiteti tutub.
Xatırladaq ki, TİAHİ Respublika Komitəsi tərəfindən ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda turnirin və futzal yarışlarının təşkil edilməsi ənənəvi hal alıb. Həmçinin “İlin peşəkar gənci” müsabiqəsi 2018-ci ildə AHİK-in İcraiyyə Komitəsinin qərarı əsasında təsis edilib. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd gənclərin asudə vaxtının daha səmərəli təşkili, onlarda elmə, təhsilə marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsidir.