UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və THİK fəalları Vətən müharibəsində qəhrəmancasına şəhid olan UNEC-in məzunu Naib Namətovun ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin anası Ellada xanım oğlu haqqında xatirələrini bölüşərək bildirib ki, Naib ailəsinin tək ümidi, köməyi idi. Naibin aramızdan tez getməsinə çox üzüldüyünü və 9 yaşlı danışma qüsurlu olan oğlu Mustafanın tək dostu olduğunu deyən ana, oğlunun şəhidlik zirvəsinə ucaldığından qürur duyduğunu ifadə edib. Ellada xanım Naibin maraqlı cizgilərlə dolu uşaqlıq dəftərlərini də tələbələrə göstərib. Maddi cəhətdən imkansız olduqlarına görə, Naibin hazırlıq kurslarına və repetitor yanına getmədən, özünün oxuyaraq ali məktəbə qəbul olduğunu bildirən ana, Naib ali məktəbə qəbul olanda oğlu ilə fəxr etdiyini bildirib. Naibin anası deyir ki, ailənin maddi imkansızlığı səbəbindən Naib tələbəlik illərindən çalışmağa başlayıb. Gecələri işləyərək anasına və azyaşlı qardaşına baxırdı, çox çalışıb ev alacağını deyirdi.
Naib UNEC-in Rus İqtisad Məktəbindən məzun olanda sonra 2020-ci ilin iyun ayında hərbi xidmətə yola düşüb. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 3-də Ağdaş rayonu Qarağan Sədi kəndində dəfn olunub.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı THİK-in Fəxri Fərmanını şəhidin ailəsinə təqdim edib. Bildirib ki, Naib Namətovun əziz xatirəsi hər birimizin qəlbində əbədi olaraq yaşayacaqdır.