Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunmuş “Əsgərin kitab rəfi” adlı kitabtoplama aksiyasına Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də qoşulub.
Aksiya çərçivəsində UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin hədiyyə fondundan əsasən iqtisadiyyata dair Azərbaycan, rus, ingilis və türk dillərində 105 adda 167 nüsxə kitab “Əsgərin kitab rəfi”nə hədiyyə olunub.
Kitabları təqdim edən rəqəmsallaşma üzrə prorektor Raqif Qasımov Müdafiə Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib. O kitabların əsgərlər üçün faydalı olacağından əminliyini ifadə edib.
Kitabları təhvil alan “İrəli” İctimai Birliyinin nümayəndəsi Arif Rəhimli UNEC-in əsgərlərimiz üçün nəzərdə tutulmuş kitabtoplama aksiyasına dəstək olduğuna görə təşəkkürünü bildirib. UNEC-in bu kampaniyada iştirakını “Əsgərin kitab rəfi”nin iqtisadi ədəbiyyatla zənginləşməsində mühüm addım kimi qiymətləndirib.