A

iqtisadkolleci.edu.az

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi və "2 fevral- Gənclər Günü"nə həsr olunmuş “Heydər Əliyev və bugünkü Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbir öncəsi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev "2 fevral- Gənclər Günü" münasibətilə gəncləri təbrik edərək ölkəmizin uğurla həyata keçirdiyi dövlət siyasətində gənclər siyasətinin aparıcı yer tutduğunu bildirib.

1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri tərəfindən bu günün qeyd edildiyini bildirən Z.Vəliyev daha sonra ölkəmizdə gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunduğunu, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edildiyini bildirdi.

Gənc nəslin böyük Zəfərlə bitən 44 günlük müharibədə özünü bir daha təsdiq etdiyini bildirən Z.Vəliyev daha sonra qeyd etdi ki,bu gün Azərbaycan gənci üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Məhz Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan gənclərinin cəmiyyətin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildi və bu gün də  dövlətimizin mütərəqqi inkişafı və tərəqqisinə mühüm töhfələr verir.

Kollecin Tələbə Gənclər Təşkilatının sədri Rasim Kazımov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin  gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət  mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi  bütün deyilənlərə sübütdür.

Kollecin “Sosial İş” ixtisası üzrə 710 saylı qrup tələbəsi Mehtiyeva Aytac “Heydər Əliyev və bügünkü Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış edərək Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi dövlət gənclər siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də, xüsusən də təhsildə yüksək fəallıq göstərirlər. Ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Azərbaycan gəncləri fəal iştirak edirlər.

Sonra tədbir Bakı Gənclər mərkəzində davam etdi. Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev "2 fevral-Gənclər Günü" münasibəti ilə UNEC-in nəzdində Sosial İqtisadi Kollecin Tələbə Gənclər Təşkilatının sədri Rasim Kazımovu rayonun ictimai-siyasi fəaliyyətində səmərəli fəliyyətinə görə Fəxri Fərmanla təltif edib.

Bir daha "2 fevral-Gənclər Günü" münasibəti ilə gənclərimizi təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

TOP XƏBƏRLƏR