Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Azərbaycan dili kafedrasında Beynəlxalq Ana Dili Günü münasibətilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dilimiz –milli varlığımızdır” mövzusunda dərslər keçirilib.
Azərbaycan dili kafedrasının müəllimlərindən dosent Vəfa Allahverdiyeva, Mətanət Əmrahova, baş müəllim Şəfəq Həsənova, Könül İbrahimova, Sevinc Hacıyevanın İqtisadiyyat, Maliyyə və mühasibat, Mühəndislik, Rəqəmsal iqtisadiyyat fakültələrində keçirdikləri dərslərdə təqdimatlar nümayiş etdirilib. Müəllimlər ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında Ulu Öndərin həyata keçirdiyi işlərdən söhbət açıblar. Milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın vacibliyini vurğulayan müəllimlər Ümummilli Liderin ana dilimizin qorunması ilə bağlı siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıblar.
Tələbələr öz çıxışlarında bildiriblər ki, dil hər bir insanın maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Tədbirdə hər bir insanın öz ana dilini yaxşı bilmələri və onu qorumalı olduqları diqqətə çatdırılıb.