Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Xocalı faciəsinin növbəti ildönümünə həsr olunan xüsusi dərs keçirilib.
Dərsdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev Xocalı faciəsini erməni millətçiləri tərəfindən xalqımıza qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifələrindən biri kimi qiymətləndirərək, Xocalı həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayeva ermənilərin tarix boyu azərbaycanlılara qarşı yürütdüyü mənfur siyasətdən, Xocalı faciəsinin öncədən planlaşdırılmış soyqırımı siyasətinin mühüm tərkib hissəsi olmasından danışıb və beynəlxalq təşkilatların, dünya birliyinin belə bir bəşəri cinayətə hələ də hüquqi- siyasi qiymət verməməsini tarixi haqsızlıq kimi dəyərləndirib.