UNEC-də ixtisasların beynəlxalq akkreditasiyası istiqamətində işlər davam etməkdədir.
İngilis dilli tədris proqramlarının beynəlxalq akkreditasiyasının təşkili ilə əlaqədar beynəlxalq akkreditasiya qurumları ilə əməkdaşlıq çərçivəsində Keyfiyyət Təminatı şöbəsi tərəfindən daha bir beynəlxalq akkreditasiya qurumu ilə görüş keçirilib.
Almaniyanın “Mərkəzi Qiymətləndirmə və Akkreditasiya Agentliyi (ZEvA)” (Central Evaluation and Accreditation Agency Hanover) akkreditasiya qurumunun layihə meneceri xanım Anja Grube ilə keçirilən görüşdə akkreditasiya prosesinin mərhələləri, prosesin effektiv şəkildə həyata keçirilməsi və tamamlanması üçün UNEC tərəfindən atılacaq addımlar və akkreditasiya şərtləri barədə ətraflı məlumat verilib. Sonra mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.
QEYD: ZEvA 1995-ci ildən ali təhsildə keyfiyyət təminatı sahəsində fəaliyyət göstərir. Almaniya, Avropa və digər ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq təcrübəsi vardır. ZEvA tərəfindən tətbiq edilən akkreditasiya prosedurları Avropa Ali Təhsil Sahəsində Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatlarına (ESG) əsaslanır və həmçinin ZEvA ENQA-nın tam hüquqlu üzvüdür.