Azərbaycan Dövlət İqtisad Universiteti ilə Kazan Federal Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində UNEC-in 10 tələbəsi və “Tətbiqi iqtisadiyyat” kafedrasının ixtisas rəhbəri, dosent Lalə Həmidova Kazan şəhərində təşkil olunan Yay Universiteti proqramında iştirak edirlər.
Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən iki həftəlik beynəlxalq layihədə Azərbaycanla yanaşı, Cənubi Afrika, Braziliya, Çin, Hindistan, İran, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və s. ölkələrdən 400 tələbə iştirak edir.
Tələbələrin akademik mobilliyini artırmaq, ölkələrarası və mədəniyyətlərarası əlaqələri gücləndirmək və akademik heyətin ixtisasının artırılması məqsədilə təşkil olunan Yay Məktəbində Kazan Federal Universitetinin aparıcı müəllimləri və sənaye ekspertləri tərəfindən master klaslar, seminarlar, praktiki dərslər keçirilir. Proqramın iştirakçıları Rusiya və Tatarıstan mədəniyyəti ilə tanış olmaq, eləcə də Kazan şəhərinin turistik və tarixi yerlərini görmək imkanı əldə edirlər.
Yay Universiteti proqramında RİM-in 6, Mühəndislik fakültəsinin 3, İqtisadiyyat və İdarəetmə fakültəsinin isə 1 tələbəsi iştirak edir. Onlardan 8 tələbə “Business Analytics 5.0” (ingilis dilində), 2 tələbə “Dil. Mədəniyyət. Yaradıcılıq (rus dilində) təlimində iştirak edir. Dosent Lalə Həmidova isə Yay proqramında iştirak edənlər üçün “Təhsildə Layihələrin İdarə Edilməsi” adlı təkmilləşdirmə kursu keçir.