Təhsil sahəsində tanınmış ekspert Nadir İsrafilov vəfat edib.
Nadir İsrafilov 1952-ci il aprelin 21-də Xaçmaz rayonunda anadan olub. O, 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə isə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirib.
Peşəkar fəaliyyətinə müəllimlikdən başlayan Nadir İsrafilov məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, Bakı Şəhəri Baş Təhsil İdarəsində inspektor, daha sonra isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri kimi məsul vəzifələrdə çalışıb.
O, yalnız təhsil sistemində deyil, həm də cəmiyyətin maarifləndirilməsində fəal mövqe tutaraq daim ictimai diskussiyalarda dəyərli fikir və tövsiyələri ilə çıxış edib.
UNEC kollektivi olaraq tanınmış təhsil eksperti Nadir İsrafilovun vəfatından dərin kədər hissi keçirir, mərhumun ailəsinə, yaxınlarına başsağlığı veririk.
Allah rəhmət eləsin!