3-4 sentyabr 2025-ci il tarixlərində UNEC-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin, UNEC İnklüziv Təhsil Mərkəzinin, UNEC Yaradıcılıq Mərkəzinin və “Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Bir Səhnə, Min Rəng” adlı Bədii Yaradıcılıq Müsabiqə-Festivalının seçim mərhələsi keçirilib.
Seçim mərhələsində UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı Rüstəm Nəzirov, UNEC İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinc Məhsimova, UNEC Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Əfsanə Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və universitetin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin müəllimləri, “Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İB-nin sədri, həmçinin UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə UNEC şəhidlərinin xatirəsinə həsr olunan Memorial-Xatirə Kompleksini ziyarət edib, daha sonra UNEC Muzeyi ilə tanış olublar
Müsabiqədə Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin Bakı və Sumqayıtdan olan 110-a yaxın əlilliyi olan şəxs bədii qiraət, rəqs, musiqi ifası, muğam, xalq mahnıları, işarə dili və digər janrlarda çıxışlarını nümayiş etdiriblər. Bölgələrdə yaşayan bəzi iştirakçılar onlayn formada qatılıblar.
Münsiflərin qərarına əsasən seçilən iştirakçılar 1 dekabr 2025-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək festivalın yekun mərhələsində çıxış edəcəklər. Yekun tədbir 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunacaq.
Müsabiqənin keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin bədii yaradıcılıq potensialının üzə çıxarılması və dəstəklənməsi, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, mədəni mühitdə bərabər iştirak imkanlarının yaradılması, ictimaiyyətin bu kateqoriyadan olan şəxslərin istedad və bacarıqlarına diqqətinin artırılması, inklüziv dəyərlərin və humanizm prinsiplərinin təşviq edilməsidir.