A

10 aprel 2025-ci il tarixində Romada Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyasının irsinə həsr olunmuş XII Beynəlxalq Elmi Konfrans baş tutub.

Konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə keçirilib. 

Elmi konfransda Azərbaycanla yanaşı, Rusiya, İtaliya, İngiltərə, Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Polşa, Gürcüstan, Almaniya, Fransa, Norveç, Malta, Kanada, ABŞ və Litva kimi müxtəlif ölkələrdən tanınmış alimlər iştirak ediblər. 

Konfransda UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva “Amaras monastırının Azərbaycan xristianlıq tarixində yeri” mövzusunda çıxış edib. Professor çıxışında Amaras monastırının yalnız dini deyil, həm də mədəni və mənəvi baxımdan əhəmiyyətini vurğulayıb. O bildirib ki, Ermənistanın 30 illik işğalı dövründə bu abidə tamamilə dağıdılmış, təhrif olunmuş və qanunsuz olaraq Erməni Apostol Kilsəsinə mənsublaşdırılaraq dünya ictimaiyyətinə saxta şəkildə təqdim olunmuşdur. Alim qeyd edib ki, Amaras monastırı və ümumilikdə zəngin alban irsi təkcə Azərbaycan tarixinin deyil, həm də ümumbəşəri mədəniyyətin ayrılmaz bir hissəsidir. 

Konfrans çərçivəsində “Qafqaz Albaniyasının arxeoetnoqrafik, linqvistik və mədəni irsi” adlı panelin moderatoru qismində çıxış edən prof. Məhəbbət Paşayeva tədbirin elmi müzakirələr baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. 

Tədbirdə UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin üzvləri, Alban-Udi Xristian Dini İcmasının rəhbəri Robert Mobili, Vilnüs Universitetinin professoru Rasa Çapaytene və Ulster Universitetinin tədqiqatçısı Mustafa Vişyar da məruzələrlə çıxış ediblər.

TOP XƏBƏRLƏR