Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) abituriyentlər üçün “Gələcəyin ixtisasları” adlı görüş keçirilib.
Görüşdə UNEC rektorunun müşaviri, “İqtisadiyyat” kafedrasının dosenti Elşən Bağırzadə abituriyentlərə əmək bazarının dəyişən tələbləri, rəqəmsal dövrün peşələri və UNEC-in təqdim etdiyi müasir ixtisaslarla bağlı maraqlı müzakirələr aparıb.
Bildirib ki, bu gün qlobal trendlərə uyğun olaraq yaşıl enerji, rəqəmsal iqtisadiyyat, süni intellekt, data analitikası, sosial iş kimi sahələr üzrə ixtisaslara tələbat durmadan artır. O, gənclərin yalnız texniki biliklərlə kifayətlənməməsi, həm də yumşaq bacarıqlara – ünsiyyət, komanda işi, problem həll etmə və liderlik kimi keyfiyyətlərə də yiyələnmələrinin xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Eyni zamanda UNEC-in abituriyentlər üçün yaratdığı imkanlar, tədris və təcrübə proqramları, müasir maddi-texniki baza və peşəkar akademik heyət haqqında ətraflı məlumat verilib. UNEC-in beynəlxalq əməkdaşlıqları, tələbələr üçün yaradılan mübadilə imkanları, ikili diplom proqramları, UDİD (Universitetdaxili İkili Diplom) və Minor proqramları kimi üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb.
İnteraktiv şəkildə keçən görüşdə abituriyentləri maraqlandıran suallar da cavablandırılıb.