Kampuslar yoxa çıxacaq, vaxt məhdudiyyəti aradan qalxacaq
“Süni intellekt və təhsil” mövzusundakı yazılarımızdan birində qeyd etmişdik ki, elə vaxt gələcək savad almaq üçün ali məktəblərə getməyə ehtiyac olmayacaq. Yox, universitetlərdə təhsil alacağıq, ancaq indiki kimi get-gələ ehtiyac duyulmayacaq. Məsələn, biologiyadan hansısa sual üzərində çətinlik çəksək, “intellektual divar”a müraciət edəcəyik, orada müəllimimizin görüntüsü peyda olacaq, biz soruşacağıq, o cavablandıracaq. Artıq indidən proqnozlaşdırılır ki, vaxt gələcək hər birimizin elektron Hoakinqi və ya Maskı olacaq.
Əslində, qeyri-adi heç nə yoxdur. Məsələn, Aristotelin Makedoniyalı İsgəndərin şəxsi müəllimi olduğunu ilk dəfə oxuduqda heyrətlənməyən az olar. Niyə? Ona görə ki, hamı belə ağıllı müəlliminin olmasını arzulayır. Təsəvvür edin: İsgəndərlə Aristotel üz-üzə oturublar, tələbə sual verir, filosof cavablandırır. Bundan sonra Makedoniyalı fateh dünyanın yarısını fəth etməyib neynəsin?
Hazırda iqtisadi və elmi tərəqqi məhz elə bir istiqamətdə cərəyan edir ki, hər birimizin hər şeyi bilən müəlliminin olacağı gün çox da uzaqlarda deyil. Fizika? Buyur, sənin şəxsi elektron Hoakinqin olacaq! Mühəndis işi? Mask kimi ağıllı birindən öyrənmək istəyirsən? Onun özünü yox, “elektron variant”ını təşkil edə bilərik. Fikrimizcə, izlənən proses təhsilin gələcəyinin 4 mühüm amildən asılı olacağını göstərir. Bunlar hansılardır?
1. İqtisadi amil. Təhsil insan fəaliyyətinin bütün digər sferalarından fərqlənir. Bu fərq də əsas etibarilə iqtisadi faktorla əlaqəlidir. Nəyi nəzərdə tuturuq? Məsələ burasındadır ki, bugün yüksək texnologiyalar hesabına tutaq ki, qida məhsulları, yaxud avtomobil sənayesində ciddi artım müşahidə edirik. Yəni yüz il qabaq “Ford” bir ilə onlarla avtomobil istehsal edirdisə, indi bu rəqəm yüzminlərlədir. Dünya əhalisi artır, məntiqi olaraq qida sənayesi də daha sürətlə işləyib tələbatı ödəməyə çalışır. Təhsildə isə belə deyil: müəllim orta məktəbdə, professor isə universitetdə yenə də yazı taxtasının qarşısında dayanıb tələbələrinə növbəti dərsi izah edir. Düzdür, yazı taxtası qarşısında dərs prosesi yüz illər əvvəl olduğu kimi sadə taxta və təbaşirdən ibarət deyil, indi müasir kompüterlər var və s. Ancaq fakt faktlığında qalır: bir auditoriyada, yaxud sinifdə norma ilə məhdud sayda şagird, tələbə və dinləyici var.
Burada bir məqamı unutmayaq. Kəmiyyət artımı olmasa da, keyfiyyət faktorunda dəyişiklik var. Müəllim yüz il bundan əvvəldən fərqli olaraq daha çox informasiya bilir və ötürür. Ali məktəbə hazırlaşan gənc daha yaxşı repetitorla müqavilə bağlaya bilər. Yəni daha keyfiyyətli təhsil almaq üçün. Bu baxımdan, təhsil sferasının futuroloqları problemin həllini tapıblar.
Keyfiyyətli təhsil, üstəgəl, kəmiyyətə nail olmağın yolu onlayn-kurslardan keçir. Biz çox savadlı bir müəllimi götürürük, şərti olaraq Aristoteli, - onun mühazirəsini onlayn-kurslar vasitəsilə bütün dünyaya yayırıq. Yüzminlər, milyonlar bu yolla savad sahibi olur. Bu, kəmiyyət və keyfiyyət probleminin həlli. Üstəgəl, iqtisadi amil: dinləyicilərin sayı çox olduğundan, fərdbaşına düşən xərc də azalır, hətta simvolik olur.
2. Aktiv təhsilə keçid. Araşdırmalar göstərir ki, biliklərin əldə olunmasının yeganə yolu aktiv təhsildir. Passiv təhsil sadəcə imitasiyadır. Müasir təhsil ekspertləri hesab edirlər ki, hazırda orta və ali məktəblərdə mövcud olan tədris forması mahiyyət etibarilə passivdir. Müəllimin mühazirəsinin artıq lazımi effekti vermədiyini hamımız bilirik. Prinsipcə, hamı bu reallığı dərk edir, ancaq təhsil ocaqları yenə də köhnə prinsiplə qurulur və işləyirlər.
Passiv təhsil forması getdikcə sıradan çıxacaq. Onlayn-kurslar primitiv olsa da, bu dəyişikliyin ilkin “qaranquş”larıdır. Çünki bu kurslarda artıq tək video-mühazirələr deyil, həm də forumlar, müxtəlif tapşırıqların həlli və s. mövcuddur. Növbəti mərhələ “mobayllar”dır, artıq bir sıra platformalar belə mobil əlavələrin istehsalına başlayıblar. Ardınca virtual reallıq gəlir - interaktiv sxemlər, molekulları bütün siniflə müşahidə edib, müxtəlif manipulyasiya əməliyyatları həyata keçiriləcək. Yazımızı məhz əlavə edilmiş reallığa dair misalla başlamışıq: smartfonlar, xüsusi əlavələr, eynəklər vasitəsilə görüntünü gözlərimiz önündə canlandırırıq və lazım olan informasiyanı əldə edirik. Yeri gəlmişkən, əlavə edilmiş reallıq əsasında işləyən eynəklər bu gün-sabahın gerçəkliyidir. Və bu eynəklərin təhsil prosesində istifadə ediləcəyi gün də uzaqda deyil.
3. Məlumatlar bazası. İndi dünyada belə deməyi sevirlər: Məlumat - yeni neftdir! Bu deyim bütün digər sferalardan daha çox təhsil üçün aktualdır. Söhbət nədən gedir? Biz heç vaxt bilmirik ki, hansısa konkret tələbə və ya şagird dərsə necə hazırlaşır. Kitabı necə səhifələyir, hansı müddətə oxuyur, ona nə maraqlıdır və əksinə. Elə adam var, sanki mühazirəni çox diqqətlə izləyir, əslində isə fikri başqa yerdədir.
Mobayl-təhsildə analitika mövcuddur. Onlayn-kursların bəziləri bu yeniliyi tətbiq edirlər. Yəni insanların mühazirəni dinləməsinin hər saniyəsinin belə araşdırılması. Bu sistem vasitəsilə dinləyicinin mühazirənin hansı dəqiqəsində və ya yerində dinləməyi dayandırdığını müəyyən etmək olur. Bunun əsasında onun məlumatlar bazası formalaşdırılır. Yəni əgər tutaq ki, filan dəqiqədən etibarən dinləmə prosesi dayanırsa, deməli, ya maraqlı gəlmir, ya çətinlik yaranır. Deməli, mühazirə elə bir dəyişikliyə uğramalıdır ki, konkret həmin dinləyici üçün aydın olsun.
Bu, ortaya daha bir problem çıxarır: təhsilin fərdiləşməsi. Biz bu məqamı əksər hallarda diqqətdən kənarda saxlamışıq və bu, düzgün deyil. Məsələn, götürək riyaziyyatı. Xətti tənliklər. Siz onu bir həftəyə öyrənib əxz etdiniz. İndi isə darıxırsınız. Yeni nəisə öyrənmək istəyirsiniz, ancaq qabağa getməyə qoymurlar. Niyə? Çünki digər şagird bu tənlikləri iki həftəyə öyrənə bilir. Sonra yoxlama testi. Kimsə 100, kimsə 50%-lik nəticə göstərir, ancaq hamı irəli gedir. Halbuki bəlkə də şagirdlərdən hansısa dərsliyi bir daha açıb həmin tənliklərə baxacaq və anlayacaq ki, heç nə anlamayıb.
Belə nümunələrlə hamımız qarşılaşmışıq. Məhz buna görə də təhsilin fərdiləşməsi məsələsi getdikcə daha da aktuallaşır. Şagird haqqında bütün məlumatlar toplanır: nəyi öyrənir, nəyi yox, nəyi öyrənə bilir, nəyə gücü çatmır? Bu məlumatlar bazası vasitəsilə də fərdi yanaşmanı tətbiq edirik. Tətbiq edilən proqram yoxlaya bilər: ötən dərslərdən hansı yadda qalıb? Harada köməyə ehtiyac var? Yaxud hansı hissəni daha yaxşı bilir? Əgər bilirsə, bu mövzunun üzərində çox ləngiməyə ehtiyac yoxdur. Proqram və onun kombinasiyaları insanla eyni tempdə irəliləyirlər, bu, şagird üçün də əyləncəlidir, çünki maraq amili mövcuddur.
Ancaq bu da son deyil. Elə proqramlar olacaq ki, bizim nəyi indi öyrənməyimizin vacibliyini biləcək. Yəni indi ehtiyac nəyədir, nəyi oxusaq daha yaxşı mənimsəyə bilərik. Hazırda elə süni intellekt nümunələri var ki, bir sıra simptomları araşdırıb əhval-ruhiyyəmizi də deyə bilir. Məsələn, depressiyanı. Elə insan var, depressiyaya düşdüyünün fərqinə varmır. Ancaq süni intellekt onun nitqini, işlətdiyi ifadələri, SMS-lərini və s. analiz edib nəticəyə gələ bilər ki, bu şəxs depressiyaya düşüb. Müvafiq olaraq məsləhətlərini də verə bilər: filan kitabı oxu, filan əyləncəyə get, psixoterapevtə müraciət et.
4. Ənənəvi çərçivələrə son. Tədris prosesi bir şablona yerləşdirilib: orta məktəb 11 il davam etməlidir, bakalavr pilləsi 4, magistratura 2. Ancaq belə də etmək olar: bir il universitetdə oxumaq, sonra hansısa şirkətdə, yaxud startapda işləmək, gələn il isə universitetdə təhsili davam etdirmək. Özü də belə: 50% kampusda, 50% onlayn. Paralel olaraq işləmək. Magistraturanı da onlayn oxumaq olar. İndi Qərbin bir sıra universitetləri magistratura əvəzinə kurslar təklif edirlər. 4, 5, 8 kursluq mikromasterslər. Bu kurslarda iştirak etməklə həm işdən qalmırsınız, həm də xeyli yeniliklərlə tanış olursunuz. “Prometheus” kurslarının təsisçisi İvan Primaçenko hesab edir ki, gələcək təhsilin yolu təhsilin şaquli inteqrasiyasının dağıdılmasından keçir.
Ancaq dəyişikliyə üfuqi struktur da uğrayacaq. Gələcəyin təhsilini dörd divar arasında yerləşdirmək mümkün olmayacaq. Məsələn, Stenford və Harvard rəhbərlikləri tərəfindən yaradılmış “Minerva schools” üç ilə adları çəkilən universitetlərdən böyük müsabiqəyə nail ola bilib. Kampus yoxdur, tələbələr hər semestri fərqli şəhərlərdə keçirirlər. Söhbət yeni mədəniyyətlə tanış olmaq, yaxud muxtariyyətə uyğunlaşmaqdan getmir. Əsas məqsəd tədris prosesini konkret bir binanın daxilində məhdudlaşdırmamaqdır. İş, ixtisasartırma, real şirkətlərlə əməkdaşlıq, ictimai təşkilatlarla birgə fəaliyyət hər bir semestrin mütləq şərtidir. Kim ki bizneslə maraqlanır, ona öz biznesini yaratmaq tapşırılır. Kimsə yoxsulluqla maraqlanırsa, onu şəhər meriyasına, yaxud gəlirsiz təşkilatlara göndərirlər ki, bu problemlə necə mübarizə aparılması ilə tanış olsun. Divarların uçurulması gələcəyin trendlərindən biridir. Güman ki, yaxın illərdə biz məhz belə bir təhsilin şahidi olacağıq.
Rüstəm QARAXANLI