A

Müasir dünyada, eləcə də ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası və sosial təminatının gücləndirilməsi aktual və önəmli məsələlərdən biridir.

Bu sahədə atılan ən vacib və faydalı addımlardan biri isə fikrimcə, inklüziv təhsilin tətbiqidir. Əlilliyi olan şəxslərin keyfiyyətli təhsilə çıxış imkanları onların sosial statusunun artmasına, şəxsi inkişafına və cəmiyyət tərəfindən qəbul olunmasına böyük təsir göstərir.

Bu yazımda UNEC-də keçdiyim yol və inklüziv təhsilin mənə qazandırdıqları barədə fikirlərimi bölüşmək istəyirəm.

Bir arzunun başlanğıcı

Mən ibtidai sinif təhsilimi ev şəraitində almışam. Bu, o dövrdə yaşadığım sağlamlıq vəziyyəti ilə bağlı zəruri idi. Lakin bu çətinliklər məni yolumdan döndərmədi. Orta məktəbi yüksək nəticələrlə bitirdim və 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə” ixtisasına qəbul oldum. Universitetə daxil olduğum ilk gündən əsas məqsədim təkcə diplom almaq deyil, həm akademik, həm də sosial cəhətdən özümü inkişaf etdirmək olub.

Bu hədəflə çalışaraq, üç semestr ardıcıl olaraq akademik göstəricilərimə görə UNEC tərəfindən təqdim olunan “Top 15” təqaüdünə layiq görülmüşəm. Sonra isə “Erasmus+” proqramı çərçivəsində Macarıstanın Szeged Universitetində bir semestr təhsil almaq hüququ qazanmışam. Düşünürəm ki, bu beynəlxalq təcrübə mənim dünyagörüşümə və özümə olan inamıma çox müsbət təsir göstərib.

Daha sonra UNEC, Azərbaycan Respublikası Hesablama Palatası və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış memorandum əsasında həyata keçirilən "Dövlət Sektorunda Audit" layihəsini uğurla başa vuraraq fərqlənmə sertifikatı almışam.

Təhsilimi 97.31 ÜOMG ilə başa vuraraq fərqlənmə diplomu ilə məzun olmuşam və hazırda Azərbaycan Respublikası Hesablama Palatasının Dövlət büdcəsi və strateji təhlil şöbəsində məsləhətçi vəzifəsində çalışıram.

UNEC-də inklüziv mühit

UNEC-dəki inklüziv mühitə gəlincə, burada hər zaman dəstək və anlayış gördüyümü qeyd etməliyəm. Həm müəllim, həm də tələbə heyəti inklüzivlik mövzusuna olduqca həssas yanaşır. Bu sahədə xüsusilə UNEC-in İnklüziv Təhsil Mərkəzinin rolunu vurğulamaq istərdim.

Mərkəz əlilliyi olan tələbələrin qarşılaşdıqları çətinliklərə diqqətlə yanaşır, onların sosial inteqrasiyası, məşğulluğu, şəxsi və karyera inkişafı üçün bir sıra faydalı layihələr həyata keçirir. Müxtəlif seminarlar, psixoloji dəstək proqramları, motivasiya görüşləri və təlimlərlə tələbələrə həm bilik, həm də inam aşılanır. Hər bir tələbənin öz potensialını reallaşdırması üçün fərdi yanaşma tətbiq edilir.

Əlilliyi olan gənclərə sözüm

Əlilliyi olan və sosiallaşmağa çəkinən gənclərə isə demək istərdim ki, özlərinə inanmaqdan çəkinməsinlər. Düzdür, ilk addımı atmaq çətin ola bilər, çünki təəssüf ki, çoxsaylı təbliğat və maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, cəmiyyətimizdə əlilliyi olan şəxslərə münasibət hələ tam formalaşmayıb.

Ancaq inamla, özünə güvənərək bu addımı atdıqda, əslində hər şeyin göründüyündən daha asan olduğunu görəcəklər. Hər kəsin özünəməxsus bir hekayəsi var və sizin hekayəniz də kimlər üçünsə ilham mənbəyi ola bilər. Sizin uğurlarınızı görən biri, bəlkə də, gələcəyə daha böyük ümid və inamla baxacaq.

Cavidan Əyyubzadə,
UNEC Maliyyə ixtisası üzrə məzunu (2019–2023)

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay