Dekabrın 23-də “Zəfər Günü”nə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən futzal üzrə yarışlara yekun vurulub.
Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan final qarşılaşmasında III yer uğrunda Bakı Dövlət Universiteti Gəncə Dövlət Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası gərgin mübarizə şəraitində keçən oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandasını məğlub edərək çempionatın qalibi olub.
Oyunlardan sonra "Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində çıxış edən təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə komitəsinin üzvü Firudin Qurbanov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifədən söz açaraq 30 ildən sonra torpaqlarımızın işğaldan azad edilməsində gənclərin rolunu xüsusi vurğulayıb.
Firudin Qurbanov sözügedən yarışın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliği və kütləviliyində, perspektivli idmançıların aşkar edilməsində xüsusi rol oynadığını qeyd edib, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Sonda yarışlarda fərqlənən 4 tələbə futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən intizamlı oyunçu” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Mükafatları təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə komitəsinin üzvü Firudin Qurbanov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, tanınmış idmançılar və veteran futbolçular təqdim edib.
Qeyd edək ki, futzal yarışları Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Yarşlarda 22-si Bakı şəhəri, 11-i regionlardan olmaqla ümumilikdə 33 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları mübarizə aparıb, 500-ə yaxın tələbə iştirak edib.
Yarışlar yarımqrup oyunları, pley-off, yarımfinal və final mərhələləri üzrə təşkil edilib.
Yarışların keçirilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmə və gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçilməsidir. Həmçinin tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır.