A

UNEC rektoru, professor Ədalət Muradov "Dünya İqtisadiyyatı" kitabının müəllifi, Türk Dünyası İqtisad Fakültəsinin 2-ci kurs tələbəsi Amin Zərbəliyevlə görüşüb.

Görüş zamanı Amin Zərbəliyevi bu uğuru münasibətilə təbrik edən rektor, tələbənin müəllifliyi ilə çap olunan "Dünya İqtisadiyyatı" adlı elmi kitabın UNEC tarixində bir ilk olduğunu qeyd edib, onun universitet tarixinə adını uğurlu tələbə kimi yazdırdığını deyib.

Ədalət Muradov UNEC-də tələbələrin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə görülən işlərdən də danışıb. O, nüfuzlu beynəlxalq bazalarda indekslənmiş jurnallarda çap olunan məqalələrə görə müəllimlərlə yanaşı, tələbələrə də 5000 manata qədər qonorar almaq imkanı yaradıldığını bildirib. UNEC-də tələbələrin elmi fəaliyyətini daha da inkişaf etdirmək məqsədilə "Tələbə Elmi Jurnalı"nın təsis olunduğunu qeyd edib. Rektor Amin Zərbəliyevin öz tədqiqat bacarıqlarını daha da inkişaf etdirməsi üçün xarici universitetlərdə təcrübə keçməsinə şərait yaradılacağını da diqqətə çatdırıb.

Amin Zərbəliyev göstərilən diqqət və dəstəyə görə rektora təşəkkürünü bildirərək, kitabını gələcəkdə daha da təkmilləşdirəcəyini vurğulayıb. O, kitabın hazırlanmasında təhsil aldığı fakültənin və müəllimlərinin əvəzsiz dəstəyini qeyd edib. Amin qazandığı digər uğurları da rektorla paylaşaraq, Scopus bazası daxil olmaqla, yerli və beynəlxalq jurnallarda 10-dan çox elmi məqaləsinin nəşr edildiyini bildirib. Həmçinin fənn olimpiadalarının və beynəlxalq yarışların qalibi olduğunu, aktiv şəkildə elmi və sosial fəaliyyət göstərdiyini qeyd edib. UNEC tələbəsi bu il Taylandda keçiriləcək 6-cı beynəlxalq “ICMCER-2025” konfransına dəvət alan yeganə tələbə olduğunu, may ayında isə Londonda keçiriləcək beynəlxalq konfransda iştirak etmək hüququ qazandığını bildirib.

Rektor Ədalət Muradov tələbələrin uğurları ilə hər zaman qürur duyduğunu vurğulayaraq, universitet tərəfindən onlara hər zaman dəstək göstəriləcəyini bildirib. Amin Zərbəliyevə təhsilində və elmi fəaliyyətində uğurlar arzulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay