Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və audit” kafedrasının dosenti Flora Kaşıyevanın təşəbbüsü və təşkilatçılığı ilə Nəsimi rayonu İlqar Əbdilhəsənov adına 42 saylı məktəbin 11-ci sinif şagirdləri “UNEC-də 1 gün” layihəsində iştirak ediblər.
Abituriyentlər ilk öncə oxuduqları məktəbin adını daşıyan UNEC-in şəhid məzunu İlqar Əbdilhəsənovun xatirəsinin əbədiləşdirildiyi Memorial Abidənin önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Maliyyə və audit” kafedranın müdiri professor Əvəz Ələkbərov, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, Extern Mərkəzin mütəxəssisi Aytac İbrahimova, İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşları universitet haqqında məlumat veriblər.
Onlara universitetin fakültələri, ixtisaslar, əyani və qiyabi təhsil, filiallar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, tədris prosesinin və imtahanların təşkili, xüsusi təqaüd, mübadilə və ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatları, Bədii Yaradıcılıq Mərkəzi, İdman klubu və s. haqqında danışıblar.
Abituriyentlər UNEC-in Extern Mərkəzi, 24/7 kitabxanası, oxu zalı, Bloomberg laboratoriyası, auditoriyalarla tanış olublar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.