A

UNEC-də səfərdə olan Türkiyənin aparıcı universitetlərinin professor-müəllim heyəti ilə keçirilən tədbirlərin nəticələri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə Mühəndislik fakültəsinin müəllimləri ilə Türkiyənin Yıldız Teknik Universitetinin Prof., Dr. Nilgün Kuşkonmaz, Qazi Universitetinin Prof., Dr. Necmi Altın, Prof., Dr. Hakan Dilipak, Prof., Dr.Ülvi Şəkər, Dr. Şükran Katmer, Artvin Çoruh Universitetinin Dos., Dr. Ayla Bilgin iştirak ediblər.

Tədbirdə Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayev Türkiyənin aparıcı universitetlərinin professor-müəllim heyəti tərəfindən “Materialların təkrar emalı”, “Materialların mexaniki xassələrinin təyini”, “Ekoloji biotexnologiya”, “Güc elektronikası və elektrik intiqalı” və “Polimer mühəndisliyi” fənləri üzrə təlimlərin keçirilməsinin kafedra əməkdaşlarının xarici təcrübənin öyrənilməsi, müasir bilik və bacarıqlara yiyələnməsi baxımından əhəmiyyətini vurğulayıb. O, iki qardaş ölkənin universitetlərinin birgə elmi araşdırmalar aparması və layihələr həyata keçirilməsi üçün lazımi elmi potensialın və şəraitin mövcud olduğunu diqqətə çatdırıb.

Türkiyəli alimlər UNEC-də mühəndislik ixtisasları üçün yaradılmış mövcud şərait və imkanlarla yerində tanış olduqlarını, bundan sonra da əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə növbəti mərhələdə əməkdaşlıqların əhatə dairəsinin genişləndirilməsi və mühəndislik ixtisaslarına uyğun olaraq tədqiqatların aparılması, nüfuzlu jurnallarda məqalələrin dərc edilməsi ilə bağlı birgə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin UNEC-in professor müəllim heyətinin “web of science” platformasına sərbəst çıxışının olmasını məqsədəuyğun hesab ediblər.

Tədbirdə yeni ikili diplom, birgə proqramların işlənməsi və mübadilə proqramları çərçivəsində professor müəllim heyətinin və tələbə kontingentinin qarşılıqlı iştirakının faydalı olması barədə fikirlər səsləndirilib. Müzakirə nəticəsində “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Qida mühəndisliyi” ixtisasları üzrə professor-müəllim heyəti arasında birgə dərsliklərin, dərs vəsaitlərinin yazılması, nüfuzlu nəşriyyatlarda dərc olunmuş xarici ədəbiyyatların tərcümə edilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay