A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və  Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ iqtisadi rayonunda milli brendlərin yaradılması və beynəlxalq bazarlara çıxarılması perspektivləri” mövzusunda ümumrespublika konfransı keçirilib.

Konfransda millət vəkilləri, respublikada və xaricdə fəaliyyət göstərən elm adamları, dövlət və özəl qurumların rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirin moderatoru, Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova konfransı açıq elan edərək, konfransın işinə uğurlar arzulayıb.

UNEC-in elm üzrə prorektoru prof. Sakit Yaqubov UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin yaradılmasının zəruriliyi, onun məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri prof. Şəfa Əliyev konfransın mövzusunun aktuallığından danışaraq, konfrans çərçivəsində aparılan müzakirələrin Qarabağda elmi əsaslara və qabaqcıl beynəlxalq təcrübəyə söykənən yeni iqtisadiyyatın qurulmasına öz töhfəsini verəcəyini bildirib.

Millət vəkili Fatma Yıldırım “Qarabağın dirçəldilməsi prosesləri və regional, beynəlxalq aləmə reinteqrasiyası perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Millət vəkili bildirib ki, Azərbaycan xalqının əldə etdiyi qələbənin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidentinin rəhbərliyi ilə öz doğma torpaqlarından köçkün düşmüş insanların yurdlarına qayıdışı mərhələli şəkildə təmin olunmaqdadır. Bu Böyük Qayıdışın vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və həmin ərazilərin ölkənin iqtisadi dirçəlişində bir körpü olacağını vurğulayıb.

Millət vəkili Mahir Abbaszadə Qarabağın sosial-iqtisadi inkişafının sürətləndirilməsinin strateji aspektlərindən danışıb. Bildirib ki, hazırda Qarabağın dayanıqlı iqtisadiyyata, yüksək rifaha malik regiona çevrilməsi, insanların tezliklə öz doğma torpaqlarına qayıtması istiqamətində zəruri işlərin intensivləşdirilməsi, müxtəlif fəaliyyət sahələrinin dünya iqtisadiyyatının inkişaf trendləri baxımından təhlil edilməsi olduqca əhəmiyyətlidir. Məruzəçi Qarabağ bölgəsinin inkişafını nəzərdə tutan dövlət proqramlarına töhfə vermək istiqamətində iqtisadçı alimlər tərəfindən bu regionun inkişafı ilə bağlı araşdırmalara üstünlük verilməsinin vacibliyini qeyd edib.

Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri prof. Vahid Abbasov “Qarabağ iqtisadi rayonunda aqrar sahədə milli brendlərin formalaşdırılması və dünya bazarlarına çıxarılması” mövzusunda məruzə ilə çıxış edərək, işğaldan azad edilmiş ərazilərdə aqrar iqtisadiyyatın yenidən qurulması zamanı nəzərə alınmalı olan bir sıra başlıca məqamları qeyd edib, regionun iqtisadi potensialından maksimum istifadə olunması üçün hazırlanacaq inkişaf strategiyasının vacib elementlərindən danışıb.

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı dosent Fərid Cəbiyev isə “Qarabağ iqtisadi rayonunun resurs potensialından istifadə etməklə milli brendlərin yaradılması prioritetləri" barədə çıxış edib. O, işğaldan azad edilmiş ərazilərin resurs potensialından - təbii sərvətlərindən, aqrar-sənaye potensialından, turizm imkanlarından məqsədyönlü və səmərəli istifadəsi istiqamətində dövlət tərəfindən həyata keçiriləcək genişhəcmli tədbirlərin Qarabağ regionunun yenidən dirçəlməsinə, regionun iqtisadi potensialının ölkənin iqtisadi gücündə özünəməxsus yerini tutmasına və dünyada tanınacaq yeni Qarabağ brendinin formalaşdırılmasına imkan yaradacağını bildirib.

Konfrans iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Məruzəçilər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

Tədbiri izləmək üçün https://fb.watch/lfUllm-VXI/ linkinə keçid edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay