A

UNEC - də Elm Günləri çərçivəsində növbəti müzakirə “Magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması yolları" mövzusunda olub.

Elm üzrə prorektor dosent Fariz Əhmədov tədbirdə çıxış edərək, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) və UNEC Biznes Məktəbində magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması, sifarişli dissertasiya və ya tədqiqat işlərinin yazılması, tədqiqat işlərinə görə müvafiq təqaüdlərin ayrılması, tədqiqat üçün keyfiyyətli mühitin yaradılması, universitet üzrə vahid akademik yazı qaydaları barədə ətraflı məlumat verib.

Sonra UNEC Biznes Məktəbinin “İqtisadiyyat və Biznesin idarə edilməsi” kafedrasının müdiri dosent Sevər Məmmədova UNEC Biznes Məktəbində magistr dissertasiya işlərinin keyfiyyətinin artırılması haqqında təqdimat edərək, dissertasiya işinin strukturu, yazı qaydaları və tədqiqatın problemi və predmetinin müəyyən edilməsi zamanı magistlərin üzləşdiyi çətinliklərdən danışıb. Həmçinin tədqiqat metodları fənninin tədris barədə məlumatı da iştirakçıların diqqətinə çatdırıb.

Plenar iclasın ikinci hissəsində UNEC BMDM direktor müavini dosent Aytən Hüseynli magistr və doktorluq dissertasiya işlərinin yazılması prosesində tələbələrin nəzərə alması vacib olan əsas məqamlar, beynəlxalq elmi əməkdaşlığın və elmi tədqiqat layihələrinin inkişaf etdirilməsi, xarici tədqiqatçıların cəlb edilməsi məsələlərindən söz açıb.

Doktorantura şöbəsinin müdiri i.f.d. İlqar Seyfullayev isə doktorluq dissertasiya işlərinin yazılması və müdafiəsi zamanı yaranan problemlər və keyfiyyətsiz doktorluq dissertasiya işlərinin aradan qaldırılması ilə bağlı təkliflərlə çıxış edib. 

UNEC Gənc Alimlər Şurasının sədri i.f.d. Maral Camalova magistr və doktorluq dissertasiya işinin yazılmasında beynəlxalq yanaşma və dünya təcrübəsi haqqında təqdimat edərək, magistr və doktorantların tədqiqat işinin problemini, predmetini və sualını müəyyən edərkən üzləşdiyi problemlər haqqında ətraflı məlumat verib.

Müzakirə panelinin sonunda magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması yollarının müzakirəsi, birgə elmi əməkdaşlığın qurulması, xarici elmi rəhbərlərin cəlbi, elm tutumlu, aktual tədqiqat mövzularının seçilməsi və tədqiqat probleminin qoyuluşunun düzgün müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparmaqla, mövcud problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay