A

UNEC-də elmi tədqiqatların səmərəliliyinin artırılması, elmi araşdırmaların daha da canlandırılması məqsədilə universitetdə fəaliyyət göstərən 33 tədqiqat mərkəzinin rəhbəri ilə görüş keçirilib.

UNEC-in rektoru professor Ədalət Muradov elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və elmi tədqiqat mərkəzlərinin yaradılması nəticəsində, universitetdə elmi tədqiqatların sayının və keyfiyyətinin yüksəldiyini diqqətə çatdırıb. Rektor Scopus və Web of Science beynəlxalq bazalarında indeksləşən məqalələrin sayının ildən-ilə artdığını, 2018-ci ildə ölkə üzrə həmin bazalardakı məqalələrin 25 faizinin məhz UNEC-in payına düşdüyünü bildirib. UNEC-də aparılan tədqiqatların nəticələri ilə bağlı mütəmadi olaraq Elmmetrik şöbə tərəfindən məlumatların paylaşıldığını deyən rektor, əldə olunan nəticələrlə qürur duyduğunu qeyd edib.

Sonra Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova UNEC Tədqiqat Mərkəzlərinin 2018-2021-ci illər ərzindəki fəaliyyəti barədə hesabatla çıxış edib. Həmin dövr üzrə Scopus elmi bazasında indeksləşən məqalələrin 53%-nin UNEC Tədqiqat Mərkəzlərinin payına düşdüyünü, məqalələrə istinad sayının 1248 dəfə olduğunu bildirib. Web of Science bazasında isə UNEC əməkdaşlarına məxsus 456 məqalənin indeksləşdiyini və istinad sayının 1190 dəfə olduğunu qeyd edib. Hesabatda qrant layihələrinə müraciət barədə də məlumat verilib.

UNEC-in elmi nəşrlərindən söz açan məruzəçi UNEC Enerji İqtisadiyyatı Mərkəzi tərəfindən təsis olunan ENECO jurnalının iqtisad elmləri sahəsi üzrə məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edildiyi diqqətə çatdırıb. Bu istiqamətdə daha bir uğurun isə Kompozit Materiallar Elmi Tədqiqat Mərkəzi tərəfindən ingilis dilində Mühəndislik və tətbiqi elmlər üzrə yeni jurnalın nəşr olunduğunu vurğulayıb.

Hesabatdan sonra tədqiqat mərkəzlərinin rəhbərləri təkliflərlə çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay