A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Enerji İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı və Estoniyanın Beynəlxalq Elmi-Tədqiqat və Tədris Mərkəzi və Böyük Britaniyanın Cənubi Qafqaz Beynəlxalq Müasir Elmlər Akademiyasının birgə iştirakı ilə “Müasir iqtisadiyyat və biznes: qlobal çağırışlar və ətraf mühitin mühafizəsi” mövzusunda III beynəlxalq elmi-praktik virtual konfrans keçirilib.

Konfransda Estoniya, İngiltərə, Ukrayna, Makedoniya, Gürcüstan, ABŞ, Almaniya, Rusiya və s. ölkələrdən olan elm adamları məruzələrlə çıxış ediblər. Tədbirdə 4.0 Sənaye inqilabı platformasında rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması problemləri; Neft sənayesi iqtisadiyyatının yaşıllaşdırılmasında rəqəmsal innovasiya texnologiyaların tətbiqi perspektivləri; Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış; Müasir şəraitdə Azərbaycanda logistika sisteminin rolunun artması;  İnnovativ iqtisadi inkişafın formalaşmasında texnopark strukturlarının fəaliyyət səmərəliliyinin yüksəldilməsi istiqamətləri və s. mövzularda məruzələr dinlənilib.

Qeyd olunub ki, müasir dövrdə milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, iqtisadiyyatın əlavə dəyər yaradan sahələrinin inkişafının sürətləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye sahələrinin inkişafı çox vacibdir. Ölkəmizdə qeyri-neft sektoru müəssisələrinin istehsal şəbəkəsinin genişləndirilməsi, müxtəlif kimya və neft-kimya məhsullarının istehsalı ölkəmizdə əlavə dəyər yarada, kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verə və biznesin inkişafı üçün əlavə stimullar yarada bilər.

Onlayn formatda keçirilən beynəlxalq elmi konfransa təqdim edilmiş materialların həm konfransın məruzələri formatında, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Enerji İqtisadiyyatı Mərkəzinin Xəbərləri” jurnalının (ENECO) 2022-ci il üzrə 1-ci nömrəsində dərc olunması nəzərdə tutulur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay