A

UNEC-də “Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərər əsasında potensial itkilər” mövzusunda elmi-tədqiqat işinin təqdimatı keçirilib.

UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun  (İAETİ) yerinə yetirdiyi elmi-tədqiqat işinin təqdimatında universitetin professor-müəllim heyəti, tədqiqatçılar, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

UNEC-in elm üzrə prorektoru professor Sakit Yaqubov tədbiri giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırıb. S.Yaqubov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizdə insan həyatı və sağlamlığına böyük zərərin dəydiyini bildirərək, təqdimatda bu itkilərin qiymətləndirilməsi ilə bağlı İAETİ-nin apardığı araşdırmaların nəticələrinin açıqlanacağını qeyd edib.

Tədbirdə “Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərər əsasında potensial itkilər”ə dair metodoloji yanaşmalar öyrənilmiş və seçilmiş metodologiya əsasında aparılmış qiymətləndirmələr təqdim olunub.

İAETİ-nin böyük elmi işçisi, dosent Fərhad Mikayılov təqdimatla çıxış edərək, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərərin qiymətləndirilməsi istiqamətində  aparılan araşdırmalar, həmçinin işğala məruz qalmış ölkənin əmək bazarında mövcud durum əsasında qiymətləndirməsi barədə məlumat verib. Fərhad Mikayılov tədqiqat işinin nəticəsi olaraq bildirib ki, Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı mərhələlər üzrə həlak olanların sayı 24.041, yaralananların sayı  55.410, itkin düşənlərin sayı isə 3.890 nəfər olub. Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına vurulan zərərin ümumi məbləği 2020-ci ilin sonuna olan qiymətləndirmə məlumatlarına (orta aylıq pensiya, şəhid ailələrinə verilən sosial müavinətlər, manatın məzənəsi və s.) əsasən 54,7 milyard manata bərabər olmuşdur. Məcburi köçkünlər üçün kommunal ödənişləri 2020-ci il göstəriciləri əsasında bu zərərə əlavə etmiş olsaq, o zaman ümumi insan həyatına dəymiş zərərin həcmi 64 milyard manata bərabər olacaqdır.

Sonda elmi-tədqiqat işi ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb və müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay