A

azedu.az

Ölkəmizin bir çox orta və ali təhsil müəssisələrində vətən uğrunda vuruşan və bu yolda şəhid olan qəhrəmanlarımızın övladları təhsil alır.

AzEdu.az Təhsil Portalı “Şəhid Yadigarı” adlı yeni rubrikaya start verir.

Bu rubrikanın məqsədi Azərbaycanın müxtəlif bölgələrində  orta və ali təhsil müəssisələrində oxuyan şəhid övladlarından silsilə müsahibələr almaq, onları ictimaiyyətə geniş şəkildə təqdim etməkdir.

İlk müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Fədayət Şəmilovdur.

O, ll Qarabağ müharibəsi şəhidi baş leytenantı və hərbi tibb qulluqçusu Azər Şəmilovun oğludur. 

- Özünüzü oxucularımıza təqdim etməyinizi istərdik... 

- Mən, Şəmilov Fədayət Azər oğlu 2004-cü ildə Tərtər rayon Qapanlı kəndində doğulmuşam. Üç yaşımdan etibarən Bərdə rayon Kələntərli kəndinə anamın işi ilə əlaqədar olaraq köçmüşük. Bərdə rayon Kələntərli kənd İlqar Vahid oğlu adına məktəbdə təhsil alıb, 2021-ci ildə 448 balla Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasına qəbul olmuşam. Özümdən kiçik bir bacım var. Atam həkim baş leytenant Şəmilov Azər ll Qarabağ müharibəsində şəhid olub.

- Fədayət bəy, məktəb vaxtı dərslərinizə  kim köməklik edirdi? 

- İbtidai sinifdə anamın əziyyəti danılmazdır, bunu həmişə vurğulayıram. Yuxarı siniflərdə isə artıq riyaziyyata olan sevgimi kəşf etdim. Atamın da riyaziyyatı yaxşı bilməsi ilə demək olar ki, bir çox vaxtlarda ondan kömək alırdım. Hətta mənə həmin yaşlarda Eynşteyn də deyərdi. Çox yaxşı xatırlayıram ki, dərsdən gələn kimi dərslərimi etməyə başlayanda atam ilə işdən gələn kimi riyaziyyat məsələlərini müzakirə etməyə başlayırdıq.

- Hazırda sevdiyiniz ixtisası oxuyursunuz? 

- Uşaqlıqdan özümü kompüter sahələrində görürəm. Taleh elə gətirdi ki, maliyyə sahəsinə yönəldim, yenə də hər iki sahəni öyrənirəm. Düzünü desəm, hələ də ağlım o sahədədir.

- Gələcək hədəfləriniz nələrdir? 

- Universitetdən məzun olmağıma çox az bir müddət qalıb. Hazırda magistratura təhsili ilə bağlı düşünürəm. İstəyirəm ki, təhsilimi hansısa Avropa ölkəsində alım. 

- Bəs ölkə barədə düşünmüsünüz?

- Ölkə olaraq Almaniyanı qərarlaşdırmışam.

- Təhsilinizi xaricdə davam etdirmək istəməyinizin xüsusi səbəbi varmı? 

- Xaricdə təhsil daha çox fürsətlər və imkanlar deməkdir. Həmçinin fikirləşirəm ki, aldığımız təhsil vasitəsilə  günü-gündən inkişaf edən ölkəmizə daha da faydalı olaram.

- Gələcəkdə Azərbaycanda işləməyi düşünürsünüz? 

- Əlbəttə, ölkəmin inkişafı, rifahı üçün hər şeyə hazıram. Təhsilimdən sonra da vətəndə çalışmağı düşünürəm.

- İdealınız var? Varsa kimdir? 

- İdealım təbii ki, atamdır. Onun fikirləri və sözləri hələ də qulağımda sırğa kimidir. Həyat davam etdikcə onun fikir və düşüncələrinin necə də doğru olduğunu anlayıram.

- Atanız şəhid olandan sonra dərslərə hazırlığınız necə oldu? 

-Təəssüflər olsun ki, ll Qarabağ müharibəsi dövründə mən 11-ci sinifdə təhsil alan abituriyent idim. Atamın şəhid olması xəbərindən sonra nəticələr aşağı düşmüşdü, şükürlər olsun ki, anam və  müəllimlərimin dəstəyi ilə o çətin dövrü keçib universitetə qəbul oldum.

- Həyatınızda atanızla bağlı ən yadda qalan xoş hadisə nə olub? 

- Hər həftə sonu atam ilə babamgilə gedərdik. Onunla yol boyu etdiyimiz söhbətlər, müzakirələr həyatda ən sevdiyim anlar olub.

- Siz ruhdan düşmədən uğur qazanmağı bacardınız. Abituriyentlərə bu barədə nə məsləhət vermək istərdiniz? 

- Həmişə dərslərində və məqsədlərində davamlılığı qorumağa çalışsınlar, təhsillə bərabər olaraq, bir çox bacarıqlarını inkişaf etdirib, sosiallaşsınlar.                                                                                                             

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay