A

Oktyabrın 12 -də Qarabağın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış şəhid Ələkbərov Əlinin doğum günü idi, yaşasaydı 36 yaşı olacaqdı.

Ələkbərov Əlinin doğum günü Xırdalan şəhərinin Şəhidlər xiyabanında keçirilib. Tədbirdə şəhidin  ailə üzvləri ilə yanaşı, THIK sədri Rüfət Süleymanlı, DQƏTM THİK sədri Günay Ağazadə və tələbələr iştirak ediblər. UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Ələkbərov Əli Ələkbər oğlu 12 oktyabr 1985-ci il tarixində Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya  gəlib. Ailəsi ilə birlikdə Bakıda yaşayıb.1992-2003-cü illərdə Binəqədi rayon Famil İskəndərov adına 157 nömrəli tam orta məktəbdə təhsil alıb.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis iqtisadiyyatı fakültəsinə  qəbul olub. 2007-ci ildə hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsi başladığı gündən Binəqədi rayon Hərbi komissarlığına müraciət edir və  05.10.2020-ci il tarixində orduya çağırılır. Orduya getməsi barədə ailəsinə məlumat verməyən Əli, manqa komandiri olaraq Tərtər –Ağdərə istiqaməti üzrə döyüşlərdə düşmənə qarşı şücaətlə döyüşür. Oktyabrın 17-də cəbhənin Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi noyabrın 11-də neytral zonadan tapılır.

Ələkbərov Əli Ələkbər oğlu 21-noyabr 2020-ci ildə Xırdalan şəhər qəbiristanlığının Şəhidlər üçün ayrılmış hissəsində dəfn olunur.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” , “Suqovuşanın azad olunması” medalı ilə təltif olunub.

Ailəli idi. Nazlı və Əkbər adında iki övladı var.

Cənnətdəki ilk doğum günün mübarək, şəhidim!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay