A

AZƏRTAC

Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov deyib.

O bildirib ki, koronavirus pandemiyasının yayılması fonunda dünya bazarında neftin qiymətinin kəskin enməsi və bütövlükdə dünya iqtisadiyyatındakı yeni dərin böhran dalğası bütün milli iqtisadiyyatlara çox ciddi təzyiq göstərir. Azərbaycan iqtisadiyyatında da bu təsirlər günbəgün artmaqdadır. Bütün bu məsələlər dövlət başçısını aidiyyəti üzrə iqtisadiyyatın dayanıqlılığının qorunması üçün sosial-iqtisadi inkişafın sabit dinamika və artım xətti üzrə inkişaf etməsi üçün müvafiq qərarlar qəbul etməsinə sövq edib. Prezident İlham Əliyev 4 istiqamət üzrə İşçi Qrupunun yaradılması barədə qərar verib. Bu işçi qruplarının fəaliyyəti nəticəsində iqtisadiyyatın müvafiq istiqamətləri üzrə ən çox əziyyət çəkən sahələrinə dəstəyin reallaşdırılması nəzərdə tutulur.

“Dövlətin sosial-iqtisadi inkişafın dayanıqlılığının qorunması üçün yaxın müddətdə atdığı addımlar bir tərəfdən biznesin və onun konkret olaraq ən çox təzyiq altında qalan hissələrinin qorunması üçün kredit seqmentində güzəştlər nəzərdə tutulur. Belə ki, martın 9-dək götürülmüş biznes kreditləri üzrə 10 faiz, yeni biznes kreditlər üzrə isə, əgər orta hesabla bu kreditlərin faiz göstəricilərinin 15 faiz olduğunu nəzərə alınmaqla 7,5 faizi dövlət tərəfindən subsidiya ediləcək. Bu da bütövlükdə, ölkədə biznes kreditlərinin faiz dərəcələrinin yüksək olması və hazırkı şəraitdə bu problemin daha da dərinləşməsi nöqteyi-nəzərdən son dərəcə mühüm qərar kimi dəyərləndirilə bilər.

Eyni zamanda, vergi seqmenti, fiskal siyasət üzrə geniş stimullaşdırıcı paketin hazırlanması gözlənilir. Bu paketə ölkəmizdə vergi yığımları ilə bağlı bir sıra kateqoriyalara irihəcmli güzəştlərin verilməsi nəzərdə tutulur. Bu, əmlak, torpaq vergisi ilə bağlıdır, eyni zamanda, müəyyən kateqoriyalar üçün sadələşdirilmiş vergi və mənfəət vergisində də güzəştlər olacağını deyə bilərik. Strateji məhsullar və onların idxalı üçün əlavə dəyər vergisinin sıfırlaşdırılması da nəzərdə tutulur. Hesab edirəm ki, gələcəkdə ƏDV-nin ölkə iqtisadiyyatına təzyiqlərini nəzərə alaraq digər daha mütərəqqi vergi növləri ilə əvəzlənməsinin şahidi ola bilərik. Biz biznes mühitinin qorunması üçün bir sıra ciddi təzyiqlə üzləşmiş biznes sahələrinin əməkhaqqı fonduna dövlət dəstəyinin verilməsinin şahidi olacağıq. Son hadisələrdən müşahidə edirik ki, əməkhaqqı ödənilməsi ilə bağlı əsasən də kiçik və orta biznesdə, eləcə də iri biznesin bir sıra istiqamətlərində ciddi problemlər yarana bilər. Burada dövlətin dəstəyi çox önəmlidir.

Qeyd edim ki, bu paketin 2,5 milyard manat olması ölkə iqtisadiyyatına görə böyük bir paketdir. Bunun reallaşdırılması çox ciddi institusional bazanın formalaşdırılmasını tələb edir. Düşünürəm ki, iqtisadi idarəetmə sistemində də yeniliklər gözlənilir. Çünki həm sosial, həm investisiya xərclərinin reallaşdırılması olduqca önəmlidir. Bu istiqamətlər üzrə proseslərin dinamikası artan pul kütləsinin düzgün idarə olunmasını tələb edəcək ki, bu pul kütləsi heç bir halda valyuta bazarına, iqtisadiyyatın dayanıqlılığının, tarazlığının pozulmasına deyil, məhz real iqtisadiyyata yönəlməsinə, manatın dövriyyəsinin artırılmasına, manatın investisiya valyutasına çevrilməsinə şərait yaratsın. Düşünürəm ki, valyuta bazarında, pul-kredit seqmentində ciddi islahatlar gözlənilir. Artan pul kütləsinin məhz real iqtisadiyyata yönəlməsi təmin edilməlidir", - deyə E.Məmmədov qeyd edib.

Ekspert qeyd edib ki, eyni zamanda, sosial paket nöqteyi-nəzərdən bu ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq: “Biz son aylarda həm minimum əməkhaqqının, həm sosial müavinətlərin, təqaüdlərin artırılması ilə bağlı müsbət dinamikanın şahidi olduq. Müsbət dinamikanın qorunub saxlanması önəmlidir. Çünki bu bir tərəfdən əhalinin sosial rifahının yüksəldilməsinə şərait yaradır, digər tərəfdən də daxili bazarın genişlənməsi, alıcılıq qabiliyyətinin yüksəldilməsi, idxalın əvəz olunması kimi istiqamətlərə çox ciddi təkan verə bilər. Həmçinin əhalinin böyük hissəsinin evdə qalması ilə bağlı kommunal ödənişlərin hesablanmasında və həcmində böyük artım ola bilər. Hesab edirəm ki, bu paketdə nəzərdə tutulan elektrik enerjisi sərfiyyatına ödənişlərdə limitin 100 kilovat/saat artırılması düzgün addım kimi səciyyələndirilə bilər. Bu, həm də yığımlarda müsbət göstəricilərə səbəb ola və əhalinin sosial baxımından gərginliyinin müəyyən mənada qarşısını ala bilər.

Bütövlükdə, bütün bu proseslər kifayət qədər irihəcmli iqtisadi idarəetmə nöqteyi-nəzərdən yeniliklərin bir hissəsidir. Gələcəkdə Azərbaycanda iqtisadi idarəetmə baxımından yeni yanaşmanın şahidi ola bilərik. Bu yanaşma, ilk növbədə, dövlətin iqtisadiyyatda çəkisinin artırılması, dövlətin strateji planlaşdırmaya söykənən iqtisadi idarəetmə modelinə keçməsi ilə bağlı olan proseslərlə müşahidə edilməlidir. Bu proseslərdə yeni, məhz inkişafa yönələn institutların da yaradılması zəruridir. Hesab edirəm ki, Azərbaycanda, bütövlükdə iqtisadi cəhətdən uğur göstərəcək ölkələrdə yaxınmüddətli perspektivdən başlayaraq dövlətin iqtisadiyyatda iştirakı artacaq”. 

TOP XƏBƏRLƏR