“Konstitusiya və Suverenlik İli” çərçivəsində UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirlməsi və Təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi “Azərbaycanın dövlət suverenliyinin gücləndirilməsində Qarabağın dirçəldilməsinin strateji aspektləri” adlı Ümumrespublika Elmi Məqalə Müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, dissertant, magistr və tələbələrinin Qarabağın dirçəldilməsi, xüsusilə işğaldan azad olunmuş ərazilərdə dövlət suverenliyimizin tam bərpa edilməsindən sonra iqtisadiyyat quruculuğunun daha səmərəli mexanizmlərinin müəyyənləşdirilməsi, Qarabağın dirçəldilməsinin dövlət suverenliyimizin gücləndirilməsində strateji əhəmiyyəti, Şuşa və Xankəndi şəhərlərinin iqtisadiyyat strukturunun formalaşdırılması problemləri və istiqamətləri üzrə tədqiqatların aparılmasının təşviq edilməsi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.