Ədalət Muradov: “Məqsədimiz savadli, bacariqli, elmi potensiali olan gəncləri üzə çixarmaqdir”
Bugünlərdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq səviyyəli ilkə imza ataraq, dünyaca məşhur “Science Slam” elm müsabiqəsini təşkil edib.
İdeya müəllifi alman Qreqor Beninə məxsus olan və ilk dəfə 2006-cı ildə Almaniyanın Darmştadt şəhərində təşkil edilən yarışa bu günə kimi Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə qoşulub. Dünya üzrə 6-cı ölkə olaraq Azərbaycanda, UNEC-də təşkil edilən müsabiqənin əsas fəlsəfəsi - həyatımızın ayrılmaz hissəsi olan elmi informasiyalarla dolu, anlaşılmayan termin və formullarla deyil, tam fərqli üslubda, bilinən elmə fərqli prizmadan baxaraq populyarlaşdırmaqdır. Bu yarışmanın keçirilmə qaydaları sadədir: birincisi, məruzənin müddəti 10 dəq. müəyyənləşdirilib; ikincisi, məruzəçi öz tədqiqatlarını təqdim etməlidir; üçüncüsü, məruzə o qədər sadə olmalıdır ki, qeyri peşəkar dinləyicilər onu başa düşə bilsin və alqışlama ilə reaksiya verə bilsin. Elmi döyüşün qalibi səs-küyü (alqışların səsini) ölçə bilən cihaz vasitəsi ilə təyin edilir.
GƏNCLƏR ELMƏ CƏLB EDİLİRAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, “Science Slam” - elmi populyarlaşdırmaq və gəncləri elmə cəlb etmək məqsədi daşıyan bir beynəlxalq layihədir. Müsabiqəyə elmlə maraqlanan, araşdırmaçılarla ünsiyyət qurmaq, ən son yenilikləri öyrənmək və əhatəsini genişlətmək istəyənlər qatılır: “Bizim əsas məqsədimiz gəncləri elmi tədqiqatlara stimullaşdırmaq, onları elmə maraq doğuracaq prizmadan baxmağa həvəsləndirməklə, dünya elminə çevik inteqrasiyanı təmin etməkdir. Sağlam universitet mühitini formalaşdırmaq, eyni zamanda savadlı, bacarıqlı, elmi potensialı olan gəncləri üzə çıxarmaqdır. Müsabiqənin formatına uyğun olaraq, fakültə qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını anlaşılan, kreativ və maraqlı şəkildə təqdim ediblər. Tələbələrin azad iqtisadi zonalar və offşor, kənd təsərrüfatı, turizm, avtomobillərdə təhlükəsizlik, milli incilər və aksesuarlar, reklam sənayesi, antimaddə, RSA şifrələmə sistemi haqqında araşdırmaları diqqətlə izlənilib. Qaydalara uyğun olaraq, qaliblərin çıxışları alqış sədaları ilə qiymətləndirilib. Xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapazonu qalibi müəyyənləşdirib. 98.7 desibel (dB) səs tezliyində alqış qazanan Rus İqtisadiyyat Məktəbinin tələbəsi birinci yerin sahibi olub. 96.1 dB ilə Türk Dünyası İşlətmə fakültəsinin tələbəsi ikinci, iqtisadiyyat fakültəsinin tələbəsi isə 95.3 dB ilə üçüncü yerə layiq görülüb”.Ə.Muradovun sözlərinə görə, müsabiqə gələcəkdə daha da təkmilləşdiriləcək. Yeni tədris ilindən layihə il boyu davam edəcək, qruplar və fakültələr üzrə qaliblər müəyyən edildikdən sonra, may ayında müsabiqənin yekun konfransı olacaq. “Science Slam”ın zamanla daha da təkmil təşkil edilməsi məqsədilə tələbələr üçün “Məsləhət xidməti” fəaliyyət göstərəcək, mövzu seçimi ilə bağlı istiqamət veriləcək.
İLKƏ İMZA ATAN UNECƏməkdar elm xadimi, professor Şahlar Əsgərovun dediyinə görə, elm-təhsil müəssisələri içərisində bu layihəyə ilk imza atan UNEC oldu: “Müsabiqə zamanı tələbələrin təqdim etdikləri elmi məruzələrin spektri çox geniş oldu: azad iqtisadi zonalar, kənd təsərrüfatı, turizm, avtomobillərdə təhlükəsizlik, antimaddə, RSA şifrələmə sistemi və digər mövzular. Tələbələrimizin elmi məruzələrinin təqdimatları və səviyyələri göstərdi ki, onlar qarşıya qoyulan məqsədə doğru uğurla irəliləyə bilirlər. Dəqiq elm nümayəndəsi kimi “antimaddə” və “RSA şifrələmə sistemi” və digər mövzularla bağlı məruzələr məni çox sevindirdi. Hiss etdim ki, gənclərimiz istənilən problemlərin lap dərinliyinə girmək qabiliyətinə malikdirlər. İnanıram ki, həm TEDx söhbətləri, həm də Science Salam yarışmaları ölkəmizin elmi mühitini canlandıracaq, gəncləri elmə həvəsləndirəcəkdir. Hesab edirəm ki, Science Slam talantlı gəncliyi elmə tərəf yönəldəcəkdir. Onlar ölkəmizdə qalaraq elmə öz töhfələrini verəcəklər. Mənim düşüncəmə görə, dünyanın arzu etdiyi kamillik bir kəsir xəttinə bərabərdir. Bu kəsir xəttinin sürətində ictimai mənafe, məxrəcində isə şəxsi mənafe durur. Sürət nə qədər böyük olarsa, kəsrin qiyməti (kamillik) də çox olar. Məxrəc nə qədər çox olarsa, kəsrin qiyməti də bir o qədər az olar. UNEC-də ictimai mənafe şəxsi mənafedən üstün tutulur. Uğurların kökü də burdadır. Arzu edirəm UNEC-dən paylanan bu işıq bütün təhsil sisteminə yayılsın”.
TƏLƏBƏLƏRƏ ÖZÜNÜ TƏQDİM ETMƏ MÜHİTİ YARADILIRMillət vəkili Fazil Mustafa deyir ki, Azərbaycan Dövlət İqtisad Universitetində müsabiqədə bir-birindən dəyərli, faydalı məruzələr dinlənilib. Bu onu göstərir ki, Azərbaycan tələbələrinə özünü təqdim etmə mühiti yaradılanda öz potensiallarını yüksək səviyyədə ortaya qoya bilirlər: “UNEC tələbə təşəbbüskarlığı üçün müsbət bir ənənə yaranmaqdadır, bir neçə belə tədbirin şahidi olduğuma görə söyləyirəm. Universitetin rektoru professor Ədalət Muradov bu cür təşəbbüslərin ideya müəllifi və dəstəkçisi olduğuna görə ciddi universitet gəncliyinin cücərdiyini hiss edirsən. 9 tələbə hərəsi 10 dəqiqə müddətində müxtəlif mövzularda öz məruzələrini geniş auditoriyaya təqdim etdilər, auditoriyadan gələn alqışların texniki cihazla ölçülməsinə görə də onların içindən 3 nəfər qalib elan olundu. Ancaq mən hamısını qalib olaraq görürdüm, çünki hər biri üzərinə götürdüyü mövzunu səlis danışıqla, anlaşıqlı, əsaslandırılmış şəkildə təqdim edə bildi. Televiziyalarımız kütləvi şou zəhərlənməsindən başını qaldırıb bu kimi tədbirləri insanlara təqdim etsələr, elmi biliklərə maraq göstərənlərin sayını da artırmış olarlar. Nəhayət ki, 21-ci əsrdə elm məbədi sayıla biləcək universitetlər yaratmağı düşünməliyik. Bu kimi tədbirlər tələbəyə özünü universitetin sahibi kimi hiss etməyə imkan yaradır. Müti, özünü təqdim etməkdən qorxan tələbədən yaxşı müəllim də olmur, yaxşı mütəxəssis də, yaxşı vətəndaş da. Hər halda Azərbaycan Dövlət İqtisad Universitetindəki mühitin, sağlam rektor-tələbə dialoqunun bütün ali təhsil ocaqlarında olmasını ürəkdən arzulayıram”.
İDEYASI OLAN GƏNCLƏRƏ ŞANSTəhsil üzrə ekspert Etibar Əliyev isə bildirib ki, Azərbaycanda, UNEC-də təşkil edilən müsabiqə zamanı tələbələrin azad iqtisadi zonalar və offşor, kənd təsərrüfatı, turizm, avtomobillərdə təhlükəsizlik, milli incilər və aksesuarlar, reklam sənayesi, antimaddə, RSA şifrələmə sistemi haqqında araşdırmaları dinlənilib. Universitetdə “elm və təhsilin vəhdəti” paradiqması çərçivəsində təşkil edilən bir sıra tədbirlər, o cümlədən “Elm aylığı”nda keçirilən mühazirələr, ilk TEDx konfransının təşkil olunması və tələbələrin elmi məruzələrinin təqdimatları onu göstərir ki, bu ali məktəb qarşıya qoyulan əsas məqsədə, nüfuzlu tədqiqat universiteti kimi təşəkkül tapmağa doğru uğurla irəliləyir: “UNEC-də keçirilən tədbir bizə onu söyləməyə imkan verir ki, yaradılmış sağlam təhsil mühiti tələbələrə nəinki fikirlərini azad şəkildə ifadə etməyə, hətta müəllifi olduqları ideyaların məharətlə təqdimatına yardımçı olur. UNEC tələbələrinin etdikləri təqdimatlar onu göstərdi ki, artıq kreativ təfəkkürlü gənclik öz sözünü deyir, yeni platformalarda özlərini gerçəkləşdirə bilirlər. Bu tədbir ideyası olan gənclərə aydın üfüqlər açdı. Orta və yaşlı nəsil alimlər bundan zövq aldılar. Bunu gənclərimizin insan kapitalının inkişafına verdikləri töhfə kimi də dəyərləndirmək olar. Bu cür ciddi tədbirlər tələbələrə həm də ideyalar axtarışı yolunda açılmış cığırdır”.
GƏNCLƏRİN TƏDQİQATÇI-ALİM KİMİ YETİŞMƏSİNƏ ŞƏRAİT YARADAN MÜSABİQƏ
Müsabiqədə 1-ci yeri qazanan UNEC-in Rus İqtisadiyyat Məktəbinin I kurs tələbəsi Aysel Abbasbəyli müsabiqənin onun gələcək inkişafında xüsusi rolu olacağını düşünür: “Təhsil aldığım universitetdə belə bir müsabiqənin keçirilməsi məni çox sevindirir. Bu kimi müsabiqələr biz gənclərdə sərbəst düşünmə, ideya irəli sürmə və öz fikrimizi müstəqil şəkildə ifadə etmək kimi bacarıqları formalaşdırır”.Müsabiqədə ikinci yeri tutan Türk Dünyası İşlətmə fakültəsinin tələbəsi Məmməd Məmmədli layihənin davamlı olmasını arzulayır: “Layihənin davamlı olmasını və gələcəkdə digər formatlarda keçirilməsini arzulayıram. Fikrimcə, belə müsabiqələr biz gənclərin gələcəkdə tədqiqatçı-alim kimi yetişməsinə xüsusi töhfə verəcək”.
S.QARAYEVA