Elşən Bağırzadə: “UNEC elmi-tədqiqat işlərinin ciddi stimullaşdırma mexanizmlərini yaradıb”
Elmi və intellektual potensialın inkişafını təmin edən ən strateji məkan universitetlərdir. Məhz universitetlərdə aparılan elmi-tədqiqat işlərinin nəticələri, əldə olunan müsbət dinamika gələcək üçün çox tələb olunan yüksək ixtisaslı kadr hazırlığına və nəticə olaraq da ölkəmizin elmi potensialının artırılmasına xidmət edir. Bu mənada 2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın məşhur elmi platforması olan Thomson Reuters (indiki Clarivate Analytics) arasında imzalanmış əməkdaşlıq müqaviləsi son illərdə Azərbaycan elminin dünyada nüfuzunun yüksəldilməsində mühüm mərhələnin başlanğıcını qoyub.
Bu günlərdə Azərbaycanda elmi uğurları ilə seçilən ali təhsil müəssisələrinin, bir qrup tədqiqatçı alimin “Clarivate Analytics” və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq görülməsi də mühüm uğur göstəricisidir. Mükafata layiq görülən ali təhsil müəssisələri arasında son 3 ildə publikasiya aktivliyi sahəsində ölkənin ən proqressiv universiteti adına layiq görülən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də var. Bu günlərdə UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə ilə görüşərək universitetin uğur yoluna bir daha nəzər saldıq.
- Elşən müəllim, “Clarivate Analytics”lə keçən son 3 illik əməkdaşlıq dövrünü necə qiymətləndirirsiniz?
- Çox müsbət haldır ki, Azərbaycanın ali təhsil məkanında son dönəmlərdə bir sıra müsbət tendensiyalar baş verir. Onlardan biri də ali təhsil müəssisələrinin elmi fəaliyyətlərinin intensivləşməsi və dünya standartlarına yaxınlaşmasıdır. Bu, çox vacib məqamdır. Bütün dünyada universitet təhsili ilk növbədə universitet elmi ilə bağlıdır. Bir universitetdə elm varsa, orada təhsil prosesini qurmaq çətin olmur. Amma elmi cəhətdən geri qalan, elmi-tədqiqatları olmayan universitetlərdə tədris prosesini qurmaq bir qədər çətindir, yəni müəllim öz üzərində işləmirsə, tədqiqat aparmırsa, dünya elmindən xəbəri yoxdursa, onun müasir bilikləri tələbələrə çatdırması da müşkül məsələdir. Ona görə də çox yaxşı haldır ki, Təhsil Nazirliyi bir neçə ildir ki, universitetlərin elmi potensialının artırılmasına xüsusi diqqət yetirir. Burada ən vacib məqam, ilk növbədə, dünyada bu işin necə qurulması, standartlarının öyrənilməsi və universitetlərdə tətbiq edilməsidir. Şübhəsiz ki, bu proses 2015-ci ildən Təhsil Nazirliyi və “Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq çərçivəsində başlayıb.
Bu gün dünyada ən nüfuzlu jurnallar “Clarivate Analytics” platformasında yerləşən nəşrlərdir. Bu jurnallar artıq bütün dünyada elmi-tədqiqatın standartlarını diktə edir - elmi-tədqiqatlar necə olmalıdır, elmi məqalələr necə yazılmalıdır, onlar hansı standartlara cavab verməlidir. Standartlarla müntəzəm olaraq tanış olmaq üçün universitetlərimizin həmin bazalara girişi olmalı idi. Yəni universitetlər, professor-müəllim heyəti həmin bazalara girə bilmirsə, oradakı məqalələrlə tanış ola bilmirsə, o standartları da mənimsəyə bilməzlər.
Ona görə də Təhsil Nazirliyi çox böyük bir addım atdı, universitetlərimizin “Clarivate Analytics” platformasında yerləşdirilən nəşrlərə çıxışını təmin etmək üçün bu qurumla müqavilə imzaladı. Nəticədə bütün universitetlər bu bazalara giriş əldə etdilər. Hazırda bizim universitet də daxil olmaqla Təhsil Nazirliyi sisteminə daxil olan bütün universitetlər ödəniş etmədən bu bazalara rahat girirlər. Əvvəllər isə pul ödəmədən bu bazalara baxa bilmirdik.
UNEC-də çalışan professor bilir ki, işlədiyi sahədə, deyək ki, Fransa, Almaniya və ya Amerikada hansı tədqiqatlar gedir, hansı son tendensiyalar var. Bu baxımdan, Təhsil Nazirliyi və “Clarivate Analytics” arasında imzalanmış müqavilə çox gözəl addımdır, bu sənəd universitetlərin bir növ dünya elmi məkanına inteqrasiyasını sürətləndirdi.
- UNEC ölkənin ən proqressiv universiteti adına layiq görüldü. Siz bu hədəfə necə çatdınız?
- UNEC -in son 3 ilin ən proqressiv universiteti adına layiq görülməsi təsadüfi hal deyil. Biz 4-cü tədris ilidir ki, elmi-tədqiqat işlərinin ciddi şəkildə stimullaşdırma mexanizmlərini yaratmışıq. Bu mexanizmlər nədən ibarətdir?
Birincisi, bizdə diferensial əməkhaqqı sistemi mövcuddur, bu sistem universitetin Elmi Şurasının qərarı ilə qəbul olunmuş qaydalara əsasən fəaliyyət göstərir. Bu sistem əsasında hər il müəllimlərin reytinq cədvəli hazırlanır və növbəti tədris ilində əməkhaqları artırılır. Burada ən böyük payı biz elmi-tədqiqatlara və “Web of Science” və Skopus bazalarında dərc olunan məqalələrə ayırmışıq.
Burada həm elmi, həm də tədris, bütövlükdə müəllimin reytinqini müəyyən edən 40-50 göstərici var. Müəllimin birillik akademik reytinqi müəyyənləşdiriləndə “Web of Science” və Skopus elmi bazalarında dərc olunmuş məqalələri həlledici rol oynayır. Bu, stimullaşdırma ilə bağlı birinci istiqamətdir.
İkinci istiqamət - biz həm “Web of Sciense”, həm də Skopus-da məqalələri dərc olunan müəllimlərə birdəfəlik mükafat veririk, bu da Elmi Şurada ayrıca “Nüfuzlu elmi jurnallarda məqalələri dərc olunmuş UNEC əməkdaşlarının mükafatlandırılması barədə” qayda ilə tənzimlənir. Məqalələrin bazalarda təsnifatı var - Q4-dən tutmuş Q1-ə qədər. Q1 ən yüksək keyfiyyətdir, ən çox istinad alan jurnallara aiddir. Məsələn, əgər bir müəllimin Q4-dən Q1-ə qədər “Web of Science”dəki jurnallarda məqaləsi çıxıbsa, o, yerləşdiyi kateqoriyadan asılı olaraq 1000 manatdan 4000 manatadək birdəfəlik mükafat alır. Bu günlərdə biz UNEC-in 2 əməkdaşına həmin mükafatı verdik. Skopus-da dərc olunmuş müəllifə də biz 500 manatdan 2 min manata qədər birdəfəlik mükafat veririk. Bu bizim ikinci iqtiqamətdir.
- Elmi bazalarda nə qədər məqaləniz var?
- Universitetdə görülən tədbirlər ona gətirib çıxarıb ki, bu sistem tətbiq olunandan sonra UNEC-in həm “Web of Science”, həm də Skopus-da dərc olunan məqalələrinin sayı sürətlə artır. Məsələn, sizə bir rəqəm deyim. 1991-ci ildən bu günə qədər, yəni bu həftəyə qədər “Web of Science” və Skopus -da UNEC-ə aid cəmi 77 məqalə var, onun 43-ü son 3 ildə nəşr olunub. Yəni bu sistem - elmi bazalara çıxış əldə etdikdən və stimullaşdırma tətbiq olunandan bəri təxminən artım 56 faizdən çoxdur. Şübhəsiz ki, bu uğurlar Təhsil Nazirliyinin universitetlərin nüfuzlu elmi bazalara çıxışının təmin olunması səylərindən sonra mümkün oldu, nəticədə ali təhsil müəssisələrinin dünya elminə interqrasiyası sürətləndi, ancaq universitetlər də bu tədbirləri görməli idi. Demək istəyirəm ki, bu, çox böyük nailiyyətdir. Təsadüfi deyil ki, son 3 ilin ən proqressiv universitet adını alması UNEC-də görülən işlərin nəticəsidir. 2018-ci il hələ başa çatmayıb, ancaq bizim “Web of Science”də artıq 21 məqaləmiz var. Əvvəlki illərdə universitetin ya heç məqaləsi olmazdı, ya da 1-2 dənə olardı. Bizim proqnozlara əsasən, dekabrın sonuna kimi onların sayı 25-ə çatmalıdır. Bəzi məqalələr çap olunub, sadəcə, sistemə yerləşdirilməyib, bunun üçün müəyyən zaman tələb olunur.
Ən vacib məqam ondan ibarətdir ki, bu bazalarda həm də nüfuzlu beynəlxalq konfransların materialları yerləşir. Universitet alimi gedib orada çıxış edir, məruzəsi çap olunur. Onun məruzəsi “Web of Science” və Skopus-da yerləşdirilir. Biz bazada olan konfransların siyahısını müəyyənləşdirmişik. Əgər UNEC müəllimi həmin konfranslara gedərsə və məruzə ilə çıxış edərsə, məqaləsi orada çap olunarsa (konfrans materiallarında) ona da 250-500 manat birdəfəlik mükafat veririk. Eyni zamanda onun yol, iştirak xərclərini də universitet ödəyir. Yəni, çox sadə dildə desək, bu gün UNEC müəlliminin bu bazalarda məqalə çap etdirməsi üçün heç bir bəhanəsi olmasın. Universitet son 3 ildə Təhsil Nazirliyi rəhbərliyinin müəyyən etdiyi siyasətə uyğun bu işi davam etdirir və çox yaxşı da nəticələr əldə olunub. Düşünürəm ki, növbəti illərdə UNEC artıq bu istiqamətdə ciddi nəticələr əldə edəcək.
Bu yaxınlarda “UNEC - 100 inkişaf strategiyası” qəbul olundu. Bu strategiyada 7 strateji məqsəd və 31 strateji hədəf müəyyənləşdirilib. 7 strateji məqsəddən biri də universitetin tədqiqat universitetinə çevrilməsidir. UNEC-in tədqiqat universitetinə çevrilməsi üçün də bundan sonra nələr etməliyik- bu məsələ də detallı şəkildə strategiyada yazılıb. Bundan sonra etməli olduğumuz işlərdən biri də bu istiqamətlərdə - yəni “Web of Science” və Skopus-da dərc olunan məqalələrin sayını artırmaq əsas hədəflərimizdəndir. Hətta düşünürük ki, biz ixtisaslaşmış universitetlər arasında ölkədə daim birinci olaq.
- Bu gün UNEC-in tədqiqat universitetinə yaxın olduğunu deyə bilərikmi?
- Düşünürəm ki, əvvəlki illərlə müqayisədə UNEC bu statusu qazanmağa daha çox yaxındır. Növbəti illərdə biz bu hədəfimizə nail olacağıq. Azərbaycanda müəyyənləşdirilən tədqiqat universitetləri üçün ən vacib məqam “Web of Science” və Skopus-da dərc olunan məqalələrinin sayı ilə bağlıdır. Çox qürurverici haldır ki, biz ciddi şəkildə bu göstəricilərimizi yaxşılaşdırmışıq.
- UNEC-in həyata keçirdiyi ikili diplomlar layihəsi də müəllimlərin publikasiya aktivliyinə təsir edibmi?
- Bəli, bizim hazırda növbəti illərdə də davam etdirəcəyimiz strateji hədəflərimizdən biri UNEC-in beynəlmiləl universitetə çevrilməsidir. Beynəlmiləl universitet nədir? Bu, o universitetdir ki, orada ikili diplomların, əcnəbi tələbələrin sayı, müəllim mübadilə proqramı çoxdur. Müəllimlərimiz başqa universitetlərdə dərs deyir, digər universitetlərin müəllimləri bizə dərs deməyə gəlir. Təbii ki, bu mübadilə nəticəsində eyni zamanda birgə tədqiqatlar da ortaya çıxır. Məsələn, son bir ayda mən Almaniyada Ziegen Universitetində oldum. Orada çox geniş əlaqələr qura bildik, birgə tədqiqat apara biləcəyimiz həmkarlarımızı tapdıq.
Bir məqamı da deyim ki, biz növbəti illərdə “Web of Science” və Skopus-da olan konfransların UNEC-də keçirilməsini sürətləndirəcək, bu işi təşkil edəcəyik. Artıq növbəti semestrdə bizdə materialları “Web of Science” və Skopus-da çap olunan beynəlxalq konfrans keçiriləcək. Konfransda UNEC və ölkəmizin digər universitetlərindən olan alimlərin məruzələri dinləniləcək və müvafiq məruzələr o bazaya daxil ediləcək. Yəni, bu imkanı da biz müəllimlərə təqdim edirik, çünki xaricə gedib konfranslara qatılmaq böyük xərc tələb edir. Biz həmin statuslu konfransı UNEC-ə gətiririk ki, burada keçirilsin. Müəllimlərimizin publikasiya aktivliyini artırmaq üçün bu da bir istiqamətdir.
- Gəncləri tədqiqatlara cəlb etmək, universitetdə gənc alimlər fondunu formalaşdırmaq üçün hansı tədbirləri zəruri hesab edirsiniz?
- Müasir tədris metodlarının tətbiqi ona imkan verir ki, biz müəllim mərkəzli tədris sistemindən tələbə mərkəzli tədris sisteminə keçək. Bunun mahiyyəti nədir? Müasir sistemin mərkəzində tələbə dayanır. Bu sistemdə tədqiqatı tələbə aparır. Müəllim müəyyən sahələr üzrə mövzu verir, tələbələr onu araşdırır. Daha sonra dərsdə birgə müzakirələr aparılır. Sərbəst mövzular da var. Mövzularda problemli məsələlər də qoyulur. Bakalavrları elmi-tədqiqata cəlb etmək üçün birinci gördüyümüz iş tədris metodikalarını dəyişməkdir. Yəni, “Müəllim hər şeyi bilir, bütün biliklər müəllimdədir” kimi bir şeylər yoxdur. Artıq müasir İKT imkanları ona gətirib çıxarıb ki, müəllim auditoriyada biliyin yeganə mənbəyi deyil. Müəllimin verdiyi biliyi tələbə öz iPad və ya iPhone-nunda düyməni basaraq, deyək ki, Harvardın, MIT-ın, İstanbul, Hacəttəpənin müəllimlərindən ala bilər. Şəbəkədə çoxsaylı informasiyalar, məqalələr var. Ona görə də bütün informasiyanın müəllimin verməsi dövrü artıq geridə qalıb. Müəllim metodikanı, istiqamətləri, mənbələri verir. Tələbələr özləri müstəqil şəkildə işləyirlər ki, bu, artıq araşdırmadır. Yəni bu prosesin içində biliklərin tapılmasından işlənməsinə qədər tələbə dayanır. Bu, birinci istiqamətdir.
Son 4 ildə UNEC-ə 300-dən çox gənc müəllim cəlb olunub. Onlar “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış gənclərdir. Biz onları universitetə dəvət edirik, onlar da təhsil aldıqları universitetlərdə gördüklərini, müasir metodikaları dərslərində tətbiq edirlər. Bu da bakalavrların elmi-tədqiqatlara cəlb olunmasının bir isiqamətidir.
Növbəti mühüm istiqamət odur ki, biz tələbə təşkilatları yaratmışıq. Bilirsiniz ki, Qərb ölkələrində müasir universitetlərdə çoxsaylı tələbə təşkilatları var. Tələbələr öz maraq dairələrinə uyğun klublar, dərnəklər yaradır. Məsələn, ekonometrika fənni var. Bu sahəyə maraq göstərənlər öz dərnəklərini yaradır. Biz bunu təşviq edirik, tələbələrə deyirik ki, klublarınızı yaradın, biz sizi dəstəkləyirik. Tələbə elmi cəmiyyəti makro təşkilatdır, bu cəmiyyətin içində ayrı-ayrı klublar, istiqamətlər ola bilər. Biz tələbələrin elmi fəaliyyətinə dəstək ictimai birliyi yaratmışıq. Buna da tələbələr və müəllimlər rəhbərlik edir. Tələbələrə xaricdə konfranslarda iştirak etmək, elmi məqalə yazmaq, məruzə etmək bacarığı öyrədilir.
Beləliklə də birinci istiqamət tədris metodikalarını dəyişmək və tələbələri elmi-tədqiqatlara yönləndirməkdir. İkinci istiqamət isə tələbə təşkilatları yaratmaqdır, bunu da əsas istiqamət kimi götürmüşük. Tələbələri elmi-tədqiqatlara cəlb etmənin 3-cü mərhələsi magistratura və doktorantura proqramları ilə bağlıdır. Bu səviyyələr tamamilə tədqiqatyönümlü sahələrdir. Onlar dissertasiya yazırlar. Son dönəmlərdə UNEC bu istiqamətdə də çox ciddi dəyişikliklərə nail olub.
- Bu sahədə növbəti hədəfləriniz nədir?
- Bizim hələ görə biləcəyimiz çox iş var. Bizdə yeni magistratura və doktorantura mərkəzi yaradılıb. Bu mərkəz fəaliyyətini tamamilə magistratura və doktorantura tədrisi üzrə Qərb universitetləri modelində qurmağa başlayıb. Ən vacib məqamlardan biri budur ki, ikili diplomlar proqramının icrasına başlamışıq. Bu istiqamətdə bir neçə xarici universitetlə danışıqlar davam etdirilir. Bu, o deməkdir ki, tələbə, tutaq ki, tədrisi bizdə alacaq, dissertasiyasını xaricdə yazacaq və ya əksinə. Doktorantura səviyyəsində də çox iş görülüb. Azərbaycanda, ümumiyyətlə, doktorantura təhsilinin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində Təhsil Nazirliyi də çox mühüm işlər görür. Məsələn, Nizami layihəsini göstərə bilərik. Doktorantura təhsilində biz vacib məsələ kimi keyfiyyət üzərində dayanırıq. Keyfiyyət isə qəbuldan başlayır. Doktoranturaya qəbul olan tələbələrə, dissertantlara qarşı UNEC tərəfindən çox ciddi tələblər qoyulur. Xüsusən də xarici dil bilikləri sahəsində. Tədqiqatçılar üçün xarici dil bilikləri vacib şərtdir. Tələbələr “British Council”-də imtahan verib əcnəbi dil biliklərini təkmilləşdirir. Təcrübələr göstərir ki, Azərbaycanda tədqiqat aparanların, doktorantların dil bilikləri problemlidir. Biz bu problemi əvvəlcədən həll edirik. Çalışırıq ki, universitetə dil bilikləri, elmi-tədqiqatlara marağı olanlar gəlsinlər.
Bizdə tələbələrin elmə meyilliliyi ilə bağlı mərkəzlər yaradılıb. Təxminən 40-a yaxın mərkəz yaranıb, bunlar spesifik istiqamətlər üzrədir və hər birinə nüfuzlu professorlar rəhbərlik edir. Empirik və ya enerji tədqiqatları mərkəzləri var ki, orada professorlar tələbələri öz tədqiqatlarına cəlb edirlər. Tutaq ki, hər hansı marketinq araşdırmasıdır, bunu tələbələr yerinə yetirir. Onlar müəyyən sorğular keçirir və müəyyən qazanc da əldə edə bilirlər. Ən böyük qazanc isə təcrübədir, müəllimlərlə apardıqları tədqiqatlarda öyrənirlər.
Digər mühüm bir məqama da toxunmaq istəyirəm. Çox yaxşı bir haldır ki, Təhsil Nazirliyi bir neçə il bundan əvvəl bütün universitetlərdə plagiatla mübarizə çərçivəsində antiplagiat sisteminin tətbiqini təmin etdi. Bu sistem bu gün bütün universitetlərdə var. Bütün dissertasiyalar antiplagiata gedir. Bu, çox ciddi məsələdir. Qeyd edə bilərəm ki, tədbirlər nəticəsində plagiat məsələsi tədqiqatlarda minimuma enib. Bu sistem çərçivəsində universitetlərdə müəllimlər və tələbələr arasında çox ciddi intizam tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Oruc MUSTAFAYEV