A

“UNEC-də 1 gün” layihəsi davam edir.

Son iki həftə ərzində paytaxtın 17, 21, 29, 62, 96, 191, 236, 239, 245, 272, 275, 282, 290, 298, 311, 314, 328 və 329 saylı məktəblərinin şagirdləri “UNEC-də 1 gün” layihəsində iştirak ediblər.

Şagirdlərin əksəriyyəti Azərbaycan və ingilis dilində təhsilə üstünlük verərək, maliyyə, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı, biznesin idarəedilməsi, menecment ixtisaslarına maraq göstəriblər. Onlar istəklərinə uyğun olaraq, marketinq, menecment, maliyyə təhlili, firmanın iqtisadiyyatı, makroiqtisadiyyat, İKT, Azərbaycan iqtisadiyyatı, sosial sferanın iqtisadiyyatı fənlərini dinləyiblər.

UNEC-lə tanışlıq zamanı 290 saylı məktəbin şagirdləri təhsil aldıqları məktəbin məzunu, hazırda isə Maliyyə və mühasibat uçotu fakültəsinin I kurs tələbəsi Fəxri Nağıyevlə ilə də görüşüblər. Məzun olduğu məktəbin şagirdlərini UNEC-də görməkdən məmnun olan F.Nağıyev onlara UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb. 602 balla Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağına qəbul olduğunu bildirən F.Nağıyev UNEC-də 600-dən yuxarı bal toplayan tələbələrə xüsusi təqaüd verildiyini məktəblilərin diqqətinə çatdırıb, özünün də bu imkandan faydalandığını bildirib. Sonra UNEC tələbəsi məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Bir günlük tələbələrə UNEC-də imtahan prosesinin də ictimaiyyətə açıq keçirildiyi və onların istədikləri vaxt həmin prosesi izləmək imkanları olduğu bildirilib.

Qeyd edək ki, payız semestri ərzində 32 məktəbdən 500-dən çox şagird “UNEC-də bir gün” layihəsinin iştirakçısı olub.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

TOP XƏBƏRLƏR