2018-2019-cu tədris ili üçün Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinə qəbul imtahanlarında “Avropa” liseyinin II ixtisas qrupu üzrə 600-dən çox bal toplayan abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak edib.
Abituriyentlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara UNEC barədə ətraflı məlumat verilib. Bir günlük tələbələr Azərbaycan və ingilis dilində dərsləri dinləmək istədiklərini bildiriblər. Dərs cədvəli ilə tanış olan məktəblilər iqtisadiyyata giriş (ingilis dilində) və maliyyə uçotu (Azərbaycan dilində) fənlərində iştirak ediblər. Bir günlük tələbələr hər iki dildə interaktiv üsulla tədris olunan dərsləri böyük maraqla dinlədiklərini vurğulayaraq, xüsusi olaraq Elektron Universitet Modelinin üstünlüklərini bəyəndiklərini bildiriblər.
Onlar əsasən tədrisi ingilis dilində olan Beynəlxalq İqtisadiyyat Məktəbinin tədris planı və buradakı ixtisaslarla maraqlanıblar. Son illərdə II qrup üzrə ən yüksək nəticə göstərən abituriyentlərin seçimi olan Beynəlxalq İqtisadiyyat Məktəbinin nailiyyətlərini izlədiklərini qeyd edən bir günlük tələbələr təhsillərini burada davam etdirmək istədiklərini qeyd ediblər. UNEC-in I kurs tələbələri “bir günlük tələbə”lərə ixtisaslarının özəllikləri barədə məlumat verib, onlara dərs vəsaitləri təqdim ediblər.
Sonra onlar UNEC-də infoturda olub, kitabxananın kitab fondu ilə tanış olublar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.