UNEC Tədqiqat Fondunun dövlət qurumları üçün növbəti təlimi baş tutub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin intensivliyini və işin xüsusiyyətini nəzərə alaraq fəaliyyətin təkmilləşdirilməsi üçün zəruri olan biliklərin artırılması məqsədilə Agentliyin aparıcı mütəxəssisləri və bölmə rəhbərləri üçün “Strateji kommunikasiya və böhran idarə edilməsi” mövzusunda təlim keçirilib.
Fondun departament rəhbəri Ellada Əliyeva tərəfindən keçirilən təlim qurum-cəmiyyət və strateji kommunikasiya, fokus qruplarla münasibətlərin inkişafı, kommunikasiyanı səciyyələndirən əsas şərtlər, rəqəmsallaşma, böhran kommunikasiyası, eləcə də media ilə qarşılıqlı əməkdaşlıq və prioritetlərə uyğun istiqamətlərin müəyyən edilməsi sahəsində zəruri bilik və bacarıqlara fokuslanıb.
Dövlət orqanlarının böhran vəziyyətlərində şablon və ssenarilərinin mütəmadi şəkildə yenilənməsi, xüsusi ilə minatəmizləmə kimi riskli və prioritet fəaliyyətdə böhran hallarının öncədən proqnozlaşdırılmasının müstəsna xarakter daşıdığını nəzərə alaraq, UNEC Tədqiqat Fondu bu cür təlimlərin mütəmadi keçirilməsini hədəfləyib. Ötən dövrlərdə Fond tərəfindən keçirilən təlimlərin nəticəsində qurumların daxili və xarici kommunikasiyalarında effektivliyin artması müşahidə olunub.