Erasmus Student Network (ESN) tərəfindən “Transmilli Tərəfdaşlıqların Gücləndirilməsi naminə Universitetlər üçün Təlim və Resurslar (TRUST)” adlı tədbir keçirilir.
Tədbirdə UNEC-i Beynəlxalq Əməkdaşlıq Departamentinin Layihələrin İdarə Olunması şöbəsinin mütəxəssisi Gültac Tahirli təmsil edir.
Proqramın məqsədi Azərbaycandakı ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr sahəsində çalışan əməkdaşlarını bir araya gətirərək, şəbəkə yaratmaq və onların beynəlmiləşmə fəaliyyətinə müsbət təsir göstərməkdir. Təlimdə Tbilisi Dövlət Universitetinin Xarici Əlaqələr Departamentinin direktoru Tea Gergedeva, Mariupol Dövlət Universitetinin Beynəlxalq Təhsil Mərkəzinin direktoru İrina Sikorskaya, Marmara Universitetinin beynəlxalq təhsil eksperti Gülden Bulut spiker qismində çıxış ediblər. Üç günlük tədbir çərçivəsində spikerlər Jean Monnet layihələri eləcə də, ali təhsil müəssisələrində potensialın gücləndirilməsi istiqamətində layihələrin yazılması, tərəfdaşların necə müəyyən edilməsi, konsorsiumun formalaşdırılması, büdcə planlaması, tələbə və heyət mübadilələrinin təşkili ilə bağlı bir sıra əhəmiyyətli mövzularda öz təcrübələrini bölüşüblər.