A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

UNEC KİM-in direktoru, tar.ü.f.d. Adilə Abdullayeva tədbirin açılışında çıxış edərək, konfransın “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu Mədəniyyəti” tədbirlər planı çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Konfransda akademik kitabxanalarla bağlı aktual mövzulara həsr olunan müzakirələrin aparılacağını deyən A.Abdullayeva, konfransın işinə uğurlar arzulayıb.

Tədris üzrə prorektor, dos.Gəray Musayev universitetin uğurlu inkişaf strategiyasının reallaşdırılmasında Kitabxana-İnformasiya Mərkəzinin rolundan və əldə olunan uğurlardan bəhs edib. Universitetin beynəlxalq təhsil bazarında davamlı olaraq mövqeyinin güclənməsində kitabxana-informasiya potensialının mühüm  rol oynadığını vurğulayıb.

AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev Azərbaycanda kitabxana işinin inkişafı, bu sahədə Heydər Əliyevin xidmətlərinin tədqiqi, eləcə də, kitabxana-informasiya sahəsində müasir tendensiyaların araşdırılması baxımından konfransın əhəmiyyətini qeyd edib. 

BDU-nun Elmi Kitabxanasının direktoru, dosent Nigar İsmayılova Ulu Öndər Heydər Əliyevin Azəbaycanda kitabxana işinin inkişafına verdiyi böyük töhfələrdən və konfransın elmi və praktik əhəmiyyətindən bəhs edib.

ADA Universitetinin kitabxanasının direktoru, tex.ü.f.d Elçin Məmmədov konfransın müasir kitabxana xidmətlərinin araşdırılması və ölkəmizdə tətbiqi baxımından önəmini qeyd edərək, növbəti ildə dünyaca məşhur IFLA-nın Sənəd Təminatı və Resurs Paylaşımı bölməsinin konfransının Bakıda keçiriləcəyini bildirib. UNEC ilə ADA Universitetinin kitabxanalarının birgə əməkdaşlığının bu konfransa böyük töhfə qazandıracağından əminliyini ifadə edib.

UNEC KİM-in 3 saylı kitabxanasının müdiri Nərminə Abdullayeva isə konfrans barədə statistik məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, konfransa respublikanın müxtəlif regionlarının və xarici ölkələrin ali təhsil  müəssisələrinin  (Hacettepe Universiteti, Kastamonu Universiteti, Rusiya EA Sibir bölməsinin kitabxanası, BDU, ADA Universiteti, AMEA Mərkəzi Elmi Kitabxanası, ADMİU, Naxçıvan Universiteti, NDU, MDU, Dağıstan Dövlət Universiteti, Azərbaycan Milli Kitabxanası, Xəzər Universiteti, Odlar Yurdu Universiteti və s.) akademik heyəti, kitabxana rəhbərləri, ixtisasçı kitabxanaçıları və bu sahə üzrə 100-ə yaxın mütəxəssis qatılıb. O cümlədən 50 müəllif və həmmüəllifin 42 tezisi elm komitəsi tərəfindən dəyərləndirilərək, konfrans materiallarında çap olunub.

Konfrans süni intellektin kitabxana işinə tətbiqi və təsiri, smart kitabxanalar, akademik kitabxanalarda bibliometrik araşdırmaların önəmi və digər aktual mövzularda bölmələr üzrə müzakirələrlə davam edib.

Sonda iştirakçılara və təşkilat komitəsinin üzvlərinə sertifikatlar təqdim olunub.

Konfransdan sonra iştirakçılar akademik kitabxanaların aktual məsələlərinin müzakirə olunduğu konfransın əhəmiyyəti və kitabxana işinə qazandırdığı töhfələr barədə şəxsi sosial hesablarında geniş paylaşımlar ediblər.

KONFRANSIN PROQRAMI

KONFRANSIN MATERİALLARI

TOP XƏBƏRLƏR